CƏMİYYƏT


Əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektləri müzakirə olunub

Bakı, 30 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Əcnəbilərin cəmiyyətə inteqrasiyasının aktual aspektləri” mövzusunda ictimai müzakirə keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Pandemiya şəraitində ölkə ərazisində qalan əcnəbilərə hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində reallaşıb.

Əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının müxtəlif aspektlərinə nəzər salan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, bu istiqamətdə həyata keçirilən siyasətin səmərəliliyi həmin prosesdə birbaşa iştirak edən dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarından asılıdır. Belə ki, əməkdaşlıq əlaqələrinin təkmil qurulması, bu müstəvidə təmsil olunan maraqlı tərəflərin razılaşdırılmış şəkildə icra etdikləri fəaliyyətlərin geniş və əhatəli olması, hədəf qruplarının həmin prosesə fəal surətdə cəlb edilməsi və sair vacib amillərdir.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev çıxışında miqrasiya qanunvericiliyinə diqqət çəkib. Vurğulayıb ki, ölkəmizdə daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir. Hazırda bu istiqamətdə addımlar atılır.

“Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi və layihə rəhbəri Kəmalə Məmmədova isə layihənin icra qrupuna miqrantlar tərəfindən edilən müraciətlərin spesifik aspektlərindən danışıb.

Çıxış edənlər qonşu ölkələrin təcrübəsini də bölüşüblər. Sonda belə qənaətə gəlinib ki, əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası sosial-iqtisadi, siyasi-hüquqi, sosiomədəni və sosial-psixoloji müstəvidə tədbirlər kompleksinin həyata keçirilməsini tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.