CƏMİYYƏT
Əczaçılıq kimyası üzrə yeni dərslik çap edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Yeni 2018/2019-cu tədris ilinin əvvəlində Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən Azərbaycan dilində yeni dərslik çap olunub.
Bu barədə AZƏRTAC-a ATU-nun əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov məlumat verib.
T.Süleymanovun sözlərinə görə, əczaçılıq kimyası üzrə əsas dərs vəsaiti son dəfə 1979-cu ildə hazırlanıb. Hafiz Əliyevin müəllifi olduğu bu dərslik təxminən 40 il ərzində istifadədə olub: “Lakin bu kitab kiril əlifbası ilə çap olunmuşdu. Yeni nəsil tələbələr və əcnəbi tələbələrimiz kiril əlifbasını bilmədiyi üçün bu dərslikdən istifadədə əziyyət çəkirdilər”.
Kafedra müdiri bildirir ki, dərsliyin nəşrindən 40 il keçdiyinə görə, yeni vəsaitin hazırlanması zamanı bir çox nüanslara diqqət verilib: “Bu illər ərzində bir çox dərman preparatları dəyişdirilib, mütəmadi olaraq yeni dərman vəsaitləri istifadəyə verilib, avadanlıqlar müasirləşib və s. Buna görə də son 4 ildir biz bu kitab üzərində çalışırıq”.
Artıq əczaçılıq kimyası üzrə dərsliyin I hissəsi dərc olunub ki, burada əczaçılıq kimyasının ümumi problemlərinə daha çox üstünlük verilib. Dərman vasitələrinin təsnifatı, alınması qaydaları, yeni dərman maddələrinin yaradılma yolları, yeni dərman maddələrinin istiqamətləri, həmçinin müasir analiz üsulları, dərman maddələrinin metobolizmi kimi müasir mövzular əks olunub.
Kitabda hər bir dərman maddəsinin ümumi xüsusiyyətləri, alınma üsulları, keyfiyyətinə nəzarət üsulları, tibb təcrübəsində istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib. Dərslik Azərbaycan dilindədir.
Qeyd edək ki, əczaçılıq kimyası üzrə rus dilində də dərsliklər mövcuddur. İngilisdilli tələbələr üçünsə Azərbaycan dilində olan mühazirə materialları tərcümə edilərək elektron formada sayta yerləşdirilib.