ELM VƏ TƏHSİL
Ədalət Muradov: Rəqəmsal inqilab təhsil sisteminin yenidən qurulmasını zəruri edir
Bakı, 13 fevral, AZƏRTAC
Rəqəmsal inqilab həyatımızı transformasiyaya uğradaraq müsbət dəyişikliklərə yol açıb. Bu proses rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsini labüd edib. Rəqəmsal iqtisadiyyatın inkişafı əmək bazarını yeni çağırışlara üz-üzə qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda UNEC-in rektoru Ədalət Muradov deyib.
O bildirib ki, rəqəmsal iqtisadiyyat bəzi peşələri sıradan çıxarır. Məşğulluğun formaları daha çox virtual olaraq həyata keçirilir. Bu, təhsil sisteminin yenidən qurulmasını zəruri edir.
“Onlayn təhsilin inkişafı, biliklərin açıq mənbələrdə əlçatan olması ali təhsil müəssisələrinin biliklərin ötürülməsində inhisarçılığı aradan qaldırır. Müəllimlər artıq əvvəlki mövqelərini itirirlər. Rəqəmsal iqtisadiyyatda insan kapitalına deyil, insan potensialına üstünlük verilir. Məhz buna görə də ali təhsil müəssisələri, müəllimlər öz potensiallarını müasir dövrün tələblərinə uyğun istiqamətləndirməlidirlər", - deyə rektor Ədalət Muradov qeyd edib.