ELM VƏ TƏHSİL


Ədalət Qasımov: 2023-cü il Əliyevşünaslıqda yeni tarixi mərhələ olacaqdır

Bakı, 4 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamı 2023-cü ildə Ulu Öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin və siyasi irsinin daha dərindən araşdırılması və təbliği istiqamətində yeni imkanlar açır.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov deyib. O, Heydər Əliyevin dünya tarixinin nadir və parlaq şəxsiyyətlərindən biri olduğunu qeyd edərək, onun ictimai-siyasi və dövlətçilik fəaliyyətinin xüsusi elmi mərkəzin araşdırma mövzusu ola biləcəyini vurğulayıb: “Ulu Öndərin Azərbaycanın milli dövlətçiliyinin təşəkkül tapmasında, sosial-iqtisadi və mədəni-mənəvi dirçəlişindəki genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanın, həm də bütün dünyanın tanınmış siyasətçilərini, politoloqlarını, tarixçilərini, sosioloqlarını və digər elmi sahə mütəxəssislərini dərindən maraqlandırıb və bu gün də onların diqqət mərkəzində olaraq qalır.

Dahi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Sərəncamda qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

XX əsr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələni təşkil edir. Bu əsr ərzində xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə edib. Birinci dəfə 1918-ci ildə İslam Şərqində ilk demokratik respublika yaratmaqla dünya birliyinə müstəqil yaşamaq qabiliyyətini sübut edib. Təəssüf ki, bu respublika xarici müdaxilə, beynəlxalq təminatın olmaması səbəbindən süqut etdi. Cümhuriyyətin süqutunu şərtləndirən digər amillərdən biri də bütün siyasi qüvvələri öz ətrafında birləşdirəcək liderin olmaması idi. Cümhuriyyətin süqutundan sonra 70 il ərzində sovet sistemində yaşasa da, Azərbaycan xalqı öz iqtisadiyyatını, elm, təhsil və mədəniyyətini inkişaf etdirib. Xüsusən həmin əsrin 70-80-ci illərində çox böyük uğurlara imza atılıb, gələcək müstəqil həyatımızın iqtisadi, mədəni-mənəvi potensialı təşəkkül tapıb, milli kadr problemi həll edilib. Bu uğurların əldə edilməsində xalqımız, ilk növbədə, həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin fövqəladə və cahanşümul liderlik istedadına borcludur. O, 1982-ci ildə Moskvaya SSRİ-nin ali siyasi rəhbərliyinə təyin olunarkən bizə çiçəklənən bir ölkə qoyub getmişdi”.

Ədalət Qasımov bildirib ki, 1982-1987-ci illərdə SSRİ-nin ali siyasi rəhbərliyində təmsil olunan Heydər Əliyev yenə də öz fitri istedadı ilə insanlarda ruh yüksəkliyi yaratmaq, yeni işlərə həvəsləndirmək, novatorluq və kreativliyi ilə ətrafındakı rəhbərlərdən kəskin şəkildə fərqlənirdi: “Məhz bu fərqləndirici xüsusiyyətlərinə görə Heydər Əliyev bir sıra xarici ekspertlərin diqqətini cəlb edib, bir sıra nüfuzlu nəşrlərdə onun haqqında yazılar dərc olunub. Təsadüfi deyil ki, o, sovet rəhbərliyinə ən layiqli namizəd hesab edilirdi. Lakin Qorbaçovun onun dünya və SSRİ məkanındakı formalaşmış yüksək nüfuzuna qısqanclıqla yanaşması, Heydər Əliyevin müstəqilliyi, baş verən proseslərə özünün fərdi münasibəti son nəticədə bu böyük şəxsiyyətin Kremldən uzaqlaşmasına gətirib çıxardı.

Siyasi təqib və təzyiqlərə məruz qaldığına görə öz doğma vətəninə qayıdan Heydər Əliyev Ermənistan tərəfindən blokadaya alınan Naxçıvana rəhbərlik etdi. Heydər Əliyevin böyük dövlətçilik məharəti sayəsində muxtar respublika erməni təcavüzündən qurtuldu, həm də Azərbaycanın gələcək müstəqil inkişaf yolunun orentirinə çevrildi.

Taleyin hökmü ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, mühüm amillərlə yanaşı, ölkəyə rəhbərlik etmiş siyasi qüvvələrin səbatsızlığı ucbatından 1993-cü ildə xalqımız müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda yenidən öz milli liderinə etibar etdi.

Heydər Əliyev qısa müddətdə, nəinki Azərbaycanı onu gözləyən bəlalardan və faciələrdən xilas etdi, həm də xalqımızın gələcək mütərəqqi inkişafını müəyyənləşdirən strategiyanı işləyib hazırladı, bugünkü uğurlarımızın və müvəffəqiyyətlərimizin təməlini qoydu. Sərəncamda qeyd edildiyi kimi, Heydər Əliyev doğma vətənimizin xilası naminə misilsiz fədakarlıq göstərib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.

Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz xalqına, onun milli-mənəvi dəyərlərinə, dövlətçilik məfkurəsinə daim sadiq olub. Böyük intellektə, geniş dünyagörüşünə, qeyri-adi rəhbərlik qabiliyyətinə malik Heydər Əliyevin imza atdığı bütün qərarlar məhz Azərbaycanın gələcək sosial-iqtisadi, mədəni və mənəvi tərəqqisinin təmin edilməsinə yönəlib, dövlətimizin dünya birliyində layiqli yer tutmasına hesablanıb. Onun Azərbaycan Respublikasının Prezidenti kimi qəbul etdiyi qərarlarda, həyata keçirdiyi plan və proqramlarda ölkəmizin, nəinki müasir, hətta yüzillik inkişafının başlıca istiqamətləri göstərilib. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycanın yeni neft strategiyası bu gün dünyada mürəkkəb, dağıdıcı proseslərin getdiyi, Yer kürəsində sülhün və təhlükəsizliyin çətin sınaqlar qarşısında olduğu, eləcə də dünyada böhranların və çağrışların artdığı bir zamanda xalqımızın nicat yollarından biri idi”.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasi islahatlar, mütərəqqi Konstitusiyanın qəbul edilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar milli dövlətçiliyimizin dayanıqlı inkişafının qarantı olduğunu deyən Ədalət Qasımov Heydər Əliyevin dinindən, dilindən və sosial mənşəyindən asılı olmayaraq dövlətçilik baxışlarını özündə ehtiva edən azərbaycançılıq məfkurəsinin bütün xalqımızı bir məqsəd uğrunda birləşdirən ideologiyaya çevrildiyini vurğulayıb: “Biz bunun nəticələrini İkinci Qarabağ müharibəsində bir daha dərk etdik. Xalqımız bir yumruq kimi birləşərək düşmənə ağır zərbə vurdu və öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan öz inkişafında qazandığı böyük uğurlara görə, ilk növbədə, Heydər Əliyevin zəngin və möhtəşəm siyasi irsinə borcludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni sahədə qazandığı nailiyyətlər və ordu quruculuğunun nəticəsi olaraq Qarabağımızın işğaldan azad edilməsi, dövlətimizin, nəinki regional gücə, eləcə də dünya miqyasında söz sahibinə çevrilməsi Heydər Əliyevin strategiyasının həyatiliyinin əyani sübutudur”.

Alim bildirib ki, dünya tarixinin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev bizə çox zəngin siyasi, mənəvi irs qoyub. Xalqımız bu zəngin irsə sadiqliyini və sevgisini hər sahədə nümayiş etdirir. Sərəncamda göstərildiyi kimi, azərbaycanlı olması ilə ömür boyu fəxr edib, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Onun adı bəşər tarixinin və dünya siyasətinin ən parlaq simaları ilə bir sırada çəkilir. Hər bir azərbaycanlı onun miras qoyduğu, qurucusu olduğu dövlətin vətəndaşı olması ilə fəxr edir, bu dövlətin daha da inkişaf etdirilməsi və çiçəklənməsi naminə ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləyir.

Ulu Öndərin gələcək nəsillərə əmanət qoyduğu bu zəngin və çoxşaxəli elmi-nəzəri irsi xalqımızın milli-mənəvi dəyəridir və onu qoruyub-saxlamaq hər bir Azərbaycan vətəndaşının şərəfli vəzifəsi olmalıdır.

Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı böyük xidmətləri, onun çoxcəhətli fəaliyyəti daim öyrənilməli və təbliğ edilməlidir. Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı biz tarixçilər qarşısında mühüm vəzifələr qoyur. Düzdür, Heydər Əliyev irsinin öyrənilməsi sahəsində son dövrdə böyük işlər görülüb, xüsusi elmi istiqamət – Əliyevşünaslıq təşəkkül tapıb. Lakin bu istiqamətdə hələ görüləcək işlər çoxdur. İlk növbədə, Heydər Əliyevin dövlətçilik fəaliyyətini özündə əks etdirən sənədlərin toplanması və nəşri vacib məsələlərdən biridir. Bu gün Heydər Əliyev irsinin öyrənilməsi Azərbaycan ictimai-humanitar elminin əsas tədqiqat istiqamətlərindən birinə çevrilməlidir. A.A.Bakıxanov adına Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsi fəaliyyət göstərir. Fikrimizcə, Ulu Öndərin 100 illiyi ərəfəsində bu sahədə elmi tədqiqatların daha yüksək səviyyədə təşkili və koordinasiyası məqsədilə Əliyevşünaslıq sahəsində böyük təcrübəyə malik olan bu şöbəni Respublika mərkəzinə çevirmək yaxşı olardı. Hazırda bu şöbədə Əliyevşünaslığın bütün önəmli sahələrini əhatə edən xüsusi proqram hazırlanıb və həyata keçirilir.

Həmin proqramda Heydər Əliyevin həyatının, ictimai-siyasi fəaliyyətinin öyrənilməsi, onun fəaliyyətinin müxtəlif dövrlərinə aid olan sənədlərin ölkə və xarici arxivlərdən üzə çıxarılaraq sistemləşdirilməsi, nəşr edilməsi nəzərdə tutulur. Heydər Əliyevə həsr edilmiş respublika və beynəlxalq miqyaslı elmi konfransların keçirilməsi və bu konfransa nüfuzlu xarici alimlərin, tədqiqatçıların, ictimai-siyasi xadimlərin cəlb edilməsi planlaşdırılır. “Heydər Əliyev İli” çərçivəsində respublikanın tanınmış tarixçi-alimlərini cəlb etməklə “Heydər Əliyev – 100” elmi monoqrafiyasının hazırlanması sahəsində işlər davam etdirilir. Eyni zamanda, əməkdaşlarımızın Ulu Öndərin fəaliyyətinə həsr edilmiş məqalələrin hazırlaması, KİV-də onun irsinin təbliği ilə bağlı çıxışları nəzərdə tutulur.

“Tam əminliklə qeyd etmək istəyirəm ki, bu Sərəncam Heydər Əliyev irsinin daha geniş və əhatəli öyrənilməsinə, bu böyük şəxsiyyətin Azərbaycan xalqı və dünya qarşısında xidmətlərinin tanıdılmasına mühüm təkan verəcək və “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il “Əliyevşünaslıq” elminin inkişafında yeni mərhələ olacaqdır. Bu isə Böyük Öndərimizin əziz xatirəsinə layiqli töhfə olacaq”, - deyə Ə.Qasımov fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.