CƏMİYYƏT


Ədalət məhkəməsinin aparılması prosesinin rəqəmsallaşması dövrün tələbidir

Bakı, 15 noyabr, AZƏRTAC

Ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılır. O cümlədən bu günlərdə 100 illik yubileyini qeyd edən Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, ədalət mühakiməsi prosesinin rəqəmsallaşması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru Azər Cəfərov AZƏRTAC-ın suallarını cavablandırıb.

– Müasir dünyada insanların həyat tərzini, hər hansı fəaliyyət sahəsini informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Texnoloji yeniliklərin sirayət etdiyi sahələrdən biri də məhkəmə fəaliyyətidir. Bu mənada innovativ, eyni zamanda, rəqəmsal texnologiyaların yaratdığı üstünlüklər barədə məlumat oxucularımız üçün maraqlı olardı.

– Doğrudur, getdikcə daha sürətlə inkişaf edən rəqəmsal texnologiyalar cəmiyyət həyatının müxtəlif sahələrinə daha çox nüfuz etməyə başlayır, məişətin, istirahətin və peşə fəaliyyətinin ayrılmaz hissəsinə çevrilir. Bu faktı nəzərə alan dövlətimizin başçısı İlham Əliyev deyib: “Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi təmin edəcəkdir”.

Bu gün dünyada, o cümlədən Azərbaycanda informasiya texnologiyalarının tətbiqi daha geniş vüsət alır. Bir müddət əvvəl Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi müsahibələrinin birində deyib ki, təkcə 20 il ərzində - 1992-2012-ci illərdə kompüterlərin sürəti səkkiz min dəfə artıb. Bu ilin yayında keçirilmiş VIII Peterburq Beynəlxalq Hüquq Forumunda dəfələrlə, o cümlədən Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev tərəfindən qeyd olunmuşdu ki, rəqəmsal texnologiyalar məhkəmə sahəsinə də fəal surətdə daxil olmaqdadır.

Bütün bunlar onu göstərir ki, yaxın perspektivdə ən müasir informasiya texnologiyaları və innovasiyalardan istifadə edilməsə, yüksək texnologiyalı məhkəmə infrastrukturu yaradılmasa, hüququn müxtəlif sahələrinə aid norma və institutların işi rəqəmsal texnologiyalarla uzlaşdırılmasa, məhkəmələrin fəaliyyətində hüquq mühəndisliyinə geniş yer verilməsə ədalət mühakiməsinin həyata keçirilməsi kifayət qədər çətinləşər.

İlk baxışdan inandırıcı görünməsə də, mütəxəssislərin proqnozuna görə, 2030-cu ildə hüquqşünasların, o cümlədən hakimlərin funksiyalarının 80-85 faizini robotlaşmış texnologiyalar əvəz edəcək. Bruklin Hüquq Məktəbinin dekanı Nik Allard gələcəkdə insanla robot arasındakı fərqlərin itəcəyi fikrini irəli sürərək deyib: “Ola bilər hətta sizin idarəetmə pultunuzun ölçüsü kiçilsin və üzərinizə tikilsin, insanlar isə bəzi süni bədən hissələrinə sahib olsun. Bu yeni dünya ayrı-ayrılıqda insanlar və maşınlardan yox, hubotlardan (red.- ingilis dilindəki human və robot sözlərindən) ibarət olacaq”. Yəni, daha çox Albert Eynşteynə aid edilən iqtibasa görə, bir vaxt texnologiya insanların ünsiyyət imkanlarını üstələyəcək.

Zamanın bu çağırışlarına cavab olaraq, son illər dünyanın bir çox ölkələrində məhkəmə, prokurorluq, vəkillik, ilkin təhqiqat və digər hüquq-mühafizə orqanlarının fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı böyük işlər görülür. Məsələn, bu gün İsveç və bir çox başqa ölkələrdə daşınmaz əmlak sahəsində bütün sövdələşmələr blokçeyn texnologiyaları vasitəsilə həyata keçirilir. Sinqapur isə ədalət mühakiməsi sistemində texnologiyalardan geniş istifadə etməklə, elektron məhkəmə sistemini mərhələli şəkildə inkişaf etdirir və uzun müddətdir ki, bu hədəfə doğru gedir. Artıq inzibati xətalarla bağlı işlərə hakimin iştirakı olmadan baxılır.

– Son illər Azərbaycanda da məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülməkdədir...

– Bəli, ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən məhkəmələrin fəaliyyətində ən yeni texnologiyaların tətbiqi məsələləri dövlətimizin hər zaman diqqətdə saxladığı prioritetlərdəndir. 2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb.

“Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini asanlaşdıran sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.

Bu sistemin tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

“Elektron məhkəmə”nin mühüm komponentlərindən biri fiziki və hüquqi şəxslərə məhkəmə sistemi barədə, o cümlədən ölkənin interaktiv xəritəsi şəklində müfəssəl məlumatlar təqdim edən vahid məhkəmə portalıdır. Vətəndaşlar bu portal vasitəsilə məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlərin təhsili və hüquq təcrübəsi barədə məlumatlar əldə edə bilirlər.

Onu da deyim ki, sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi prosesini asanlaşdırmaq üçün portal vətəndaşları dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz və xahiş ərizələrinin nümunələri ilə tanış edir. Bütünlüklə “Elektron məhkəmə” sisteminə inteqrasiya olunan portal məhkəmə işlərinin vəziyyəti, o cümlədən onların, məhkəmə iclaslarının, bütün kateqoriyalardan olan işlər üzrə çıxarılmış qərarların sayı və s. haqqında məlumatları real vaxt rejimində təqdim edir.

Eyni zamanda, portaldan əlavə hər bir məhkəmə üçün müfəssəl məlumatları əks etdirən ayrıca veb-saytlar yaradılıb.

Həmçinin elektron məhkəmə sisteminin Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkə üzrə tətbiqi istiqamətində əməli işlər görülüb və bu gün sistem respublika məhkəmələrinin və icra qurumlarının ümumən yarıdan çoxunu əhatə edir. Bu sahədə ölkəmizdə bütövlükdə görüləsi işlərin əksər hissəsi artıq icra olunub. Bu sistemin yaxın gələcəkdə qərb və Şirvan regionlarını da əhatə edəcəyi nəzərdə tutulur.

– Belə qənaətə gəlmək olar ki, “Elektron məhkəmə” informasiya sistemi insanların müraciət imkanlarını artırmaqla ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırır. Bu sistem məhkəmə fəaliyyətində şəffaflığı da təmin edirmi?

– Əlbəttə, təmin edir. Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin açılışında keçirdiyi müşavirədəki çıxışında xüsusi vurğulayıb ki, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Elektron məhkəmə sisteminin tətbiqi həm də şəffaflığa xidmət edir.

Qeyd etməliyəm ki, hər hansı bir şəxs barədə məlumatın dərc edilməsi konfidensiallıq baxımından həssas məsələ olduğundan şəffaflığın təmin edilməsi heç də asan olmayıb və biz kompromis yanaşma formalaşdıraraq vahid məhkəmə portalı çərçivəsində “Məhkəmə prosesi iştirakçısının şəxsi kabineti”ni yaratmışıq.

Bununla da proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə işinin materialları ilə ətraflı tanış olmaq imkanı əldə ediblər. Bu kabinet vasitəsilə onlar təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktub və digər üsullarla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər.

“Şəxsi kabinet”in matrisası proses iştirakçıları üçün məhkəmələrlə elektron formatda əlaqə yaratmaq, məsələn, məhkəmə araşdırmasının başqa vaxta keçirilməsi zərurəti və s. ilə bağlı məhkəməyə elektron məktubla müraciət etmək imkanı yaradır. Bundan başqa, “Şəxsi kabinet” bütün məhkəmə instansiyaları üzrə ilkin məhkəmə, apellyasiya və kassasiya baxışları barədə vətəndaşlara iştirakçısı olduğu məhkəmə prosesini izləməyə, icra icraatının gedişi ilə tanış olmağa şərait yaradır, onlara qarşı qaldırılmış bütün məhkəmə iddiaları barədə elektron məktub vasitəsilə xəbər tutmaq imkanı verir və s.

Bir məqamı da xüsusi qeyd etmək istərdim. Məhkəməyə “Şəxsi kabinet”dən müraciət edildikdə əvvəllər ödənilməsi yalnız iş saatlarında və bank vasitəsilə mümkün olan məhkəmə rüsumunun ödənişi barədə məsələ ortaya çıxır. Bu problemin həlli üçün Ədliyyə Nazirliyi Mərkəzi Bank ilə birlikdə “Məhkəmə rüsumlarının elektron ödəniş sistemi”ni yaradıb.

Hazırda bu sistem vasitəsilə fiziki və hüquqi şəxslər iddia ərizəsi elektron şəkildə daxil olduqda, bilavasitə bank kartlarının köməyi ilə “Şəxsi kabinet”də onlayn məhkəmə rüsumunu ödəmək imkanına malikdirlər. Həmçinin bu ödənişi “Dövlət rüsumlarının ödənilməsi üçün dövlət portalı”nda, eləcə də məhkəmə binalarında quraşdırılmış nağd ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür. Məhkəmə rüsumunun elektron ödənilməsindən sonra bütün məlumatlar həmin sistemlə eyni vaxta yaradılmış “Məhkəmə rüsumlarının vahid reyestri”ndə cəmləşir ki, bu da ödəmələr üçün lazım olan maliyyə hesabatlarını həyata keçirməyə, eləcə də məhkəmə rüsumlarının ödənilməsinə dair məhkəməyə təqdim olunmuş məlumatların doğruluğunu yoxlamağa imkan verir.

Beləliklə, sistem və reyestr dərhal məhkəmə sistemi üçün vacib olan bir neçə məsələni həll edir: məhkəməyə müraciəti asanlaşdırır; iddiaçıların qərəzli davranış hallarının, o cümlədən məhkəmə rüsumunun ödənilməsi barədə eyni qəbzin digər işlərlə bağlı istifadəsinin qarşısını alır; məhkəmə rüsumlarının ödənişləri üzrə daha ətraflı maliyyə hesabatlarının və məhkəmələrin səmərəliliyinin qiymətləndirilməsini təmin edir və s.

– Azər müəllim, əvvəldə qeyd etdiyiniz kimi, dünya praktikasında tətbiq olunan blokçeyn texnologiyasından məhkəmə fəaliyyətində də istifadə etmək mümkündürmü?

– Bəli. Ədalət mühakiməsinin aparılması prosesinin rəqəmsallaşdırılması dövrün tələbi olmaqla blokçeyn texnologiyasına əsaslanır. Blokçeyn məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Bu texnologiyanın tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoinin yaranması ilə başlayır. Blokçeyndə verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nikahla bağlı, daha doğrusu, demək olar ki, hər şey haqqında məlumatları saxlamaq mümkündür.

Bu texnologiya sistemə saxta blok əlavə etməyə və ya mövcud bloku sistemdən çıxarmağa imkan vermir, yəni, sənədlər giriş imkanları məhdud olmaqla daim nəzarətdə saxlanılır və yalnız istifadəçisi tərəfindən icazə verildiyi təqdirdə, həmin informasiya ilə tanış olmaq mümkündür. Sistem əldə olunan bütün yeni sənədləri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə hökmünü və ya tibbi qeydləri xronoloji ardıcıllıqla, dəqiq şəkildə işə “tikməyə” imkan verir. Məhz bunun sayəsində heç nə itmir və bütün məlumatlar ovuc içindəymiş kimi görünür.

Ümumiyyətlə isə məhkəmə fəaliyyətində elektron kommunikasiyaların və rəqəmsal texnologiyalarının tətbiqi, məhkəmə icraatının, məhkəmə qərarlarının icra edilməsinin avtomatlaşdırılması işinin genişləndirilməsi, cinayətkarlıq üzərində distant nəzarətin həyata keçirilməsi, avtomatlaşdırılmış cəza təyinetmə sisteminin yaradılması və s. kimi problemlər bütün dünyada, inkişaf etmiş dövlətlərdə, eləcə də postsovet məkanında dərindən öyrənilir.

Məsələn, rusiyalı tədqiqatçılar cinayət işlərinin vahid informasiya portalında rəsmiləşdirilməsinin elektron texnologiyasını yaradıblar. Bütün istintaq məlumatları məhz bu informasiya portalına yerləşdirilir. Bunun sayəsində prosessual status (təqsirləndirilən şəxs, zərərçəkmiş, iddiaçı və s.) müəyyənləşən andan etibarən proses iştirakçıları sistemə daxil olmaq imkanı əldə edirlər. Elektron cinayət işinin əsas səhifəsində, işi aparan orqan və konkret vəzifəli şəxs də daxil olmaqla, iş haqqında ümumi məlumat yerləşdirilir, müddət və hansı maddələr üzrə cinayət işinin qaldırıldığı (ittiham irəli sürüldüyü) barədə qeyd aparılır.

Eyni zamanda, yaxın perspektivdə ərizələrin daxil olmasından başlayaraq cəzaların təyin edilməsinə qədər, əksər proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Hazırda kağızdan geniş istifadə edilməsi materialların saxtalaşdırılması və dəyişdirilməsi, prosessual prosedurların vaxtında yerinə yetirilməməsi, cinayət işinin itirilməsi risklərini daşıyır və bütövlükdə cinayət prosesi qapalı aparılır. Yeni “E-cinayət işi” proqramının işlənib-hazırlanması bu problemləri aradan qaldıracaqdır. Artıq Qazaxıstanda bu sahədə müəyyən təcrübə əldə edilib. Fikrimcə, belə bir proqramın tətbiqi cinayət prosesinin araşdırılmasında nizam-intizamın və dəqiqliyin, düzgünlüyün təmin olunmasında, dəlil-sübutların toplanması və prosessual sənədlərin tərtib edilməsi prosedurunun sadələşdirilməsində əhəmiyyətli ola bilər.

Başqa ölkələrdə də oxşar layihələr işlənib-hazırlanır, “rəqəmsal ədalət məhkəməsi”nin ayrı-ayrı elementləri daha çox inkişaf etmiş dövlətlərlə yanaşı, artıq Gürcüstanda, Baltikyanı ölkələrdə, Səudiyyə Ərəbistanında və s. tətbiq olunmaqdadır.

– Bir neçə ildir ki, ölkəmizdə də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Bu sistem məhkəmə fəaliyyətinin səmərəliliyinə necə təsir göstərir?

– Bildirməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı və mülki sənəd dövriyyəsinin sürətlə artması, eyni zamanda, ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin çoxalmasına gətirib çıxarıb. Bir vaxtlar - 2016-cı ildə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 470 mini ötmüşdü ki, bu da yeni məhkəmə sisteminə qədərki dövrlə - 1999-cu illə müqayisədə 21 dəfə çox idi. Görülmüş tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində növbəti ildə bu növ işlərin sayının 80 min azaldılmasına nail olunsa da, bu göstəricinin özü də olduqca yüksəkdir.

Sözsüz ki, iş sayının əhəmiyyətli dərəcədə artması məhkəmələrin hədsiz yüklənməsinə səbəb olur və ədalət mühakiməsinin keyfiyyətlə yerinə yetirilməsinə mənfi təsir göstərir.

Bunun üçün sloveniyalı ekspertlərlə birgə “Elektron məhkəmə” bazasında əmr icraatı işləri üçün avtomatlaşdırılmış məhkəmə baxışı sistemi işlənib hazırlanıb və 2017-ci ilin martından etibarən uğurla tətbiq edilir. Qısaca izah edim ki, əmr icraatı qaydasında baxılan işlərə daha çox mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər aiddir və hazırda onlar mülki xarakterli işlərin təxminən üçdə birini təşkil edir. Sözügedən sistemin mahiyyəti isə ondan ibarətdir ki, öz sistemlərini “Elektron məhkəmə” sisteminə uyğunlaşdıran iri iddiaçılar əmr icraatı işləri üzrə məhkəmələrə elektron ərizələr göndərmək imkanı əldə edirlər və bu ərizələrin çoxluğuna baxmayaraq, elə həmin gün, yaxud ən geci ertəsi gün elektron məhkəmə qərarını alırlar. Məsələn, məhkəmə xidmətlərindən yararlanan iri istifadəçilərdən biri bu yaxınlarda bir dəqiqə ərzində Bakının rayon məhkəməsinə borcun ödənilməməsi barədə 300 elektron iddia ərizəsi verib və 15 dəqiqə ərzində onların hamısına dair məhkəmə qərarları alıb.

Bu işlərə məhkəmədə bir hakim tərəfindən baxılır. Beləliklə, əmr icraatı işlərinə baxan digər hakimlər ağır yükdən tamamilə azad olurlar. Həmin işlər üzrə çıxarılan bütün qərarlar icra orqanlarına da elektron formatda göndərilir. Bu isə qərarları avtomatlaşdırılmış qaydada icra etməyə və məhkəmə icraçılarını səhih informasiya ilə təmin etməyə imkan verir.

İndiki vəziyyət belədir ki, bütün ölkə üzrə bu kateqoriyadan olan işlərə baxılmasının öhdəsindən cəmi 4 hakim və 30 məhkəmə işçisi gələ bilər, halbuki elektron sistemin tətbiqinədək bu prosesə 270-dən artıq hakim və 320-dən çox məhkəmə işçisi cəlb olunurdu.

Eyni zamanda, məlumat üçün bildirim ki, əmr icraatı məsələlərini notariusların eyni tipli icra qeydi ilə həll etmək daha asan və daha səmərəli bilindiyindən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bu funksiyanı növbəti ildən müvafiq elektron sistem vasitəsilə notariuslar həyata keçirəcəklər.

Bütün bunlar, gözlənildiyi kimi, maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.

– Həqiqətən də məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqi işin səmərəliliyinin artırılmasına xidmət etməklə böyük maraq doğurur...

– Bu yeniliklər təkcə deyilənlərlə məhdudlaşmır. Rəqəmsal texnologiyanın məhkəmələrin fəaliyyətinə tətbiqi prosesi bu ilin martında “Elektron məhkəmə” informasiya sistemi strukturunda “Məhkəmə qərarlarının vahid bazası”nın yaradılması ilə daha da intensivləşib.

Vahid baza konkret iş üzrə bütün hakimlərin elektron imzası ilə təsdiq olunmuş məhkəmənin yekun qərarını özündə cəmləyən informasiya sistemidir. Bazanın yenilənməsi real vaxt rejimində baş verir – hakimlərin qərarı ona “Elektron məhkəmə” informasiya sistemində elektron imzanın tətbiqi vasitəsilə düşür.

“Məhkəmə qərarlarının vahid bazası” elektron sisteminin geniş parametrlər dairəsi - işlərin, mülki mübahisələrin və məhkəmələrin növləri, konkret məhkəmə və hakimlər, qanunvericilik normaları və beynəlxalq müqavilələrin, konvensiyaların və insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının tətbiqi təcrübəsi, əməlin ağırlıq dərəcəsi, çıxarılan qərarlar, ittihamedici və bəraətverici hökmlər üzrə axtarışlar aparmağa şərait yaradır.

Bu sistem axtarışı, həmçinin təqsirləndirilənin məhkumluğunu, cinsini, yaşını (yetkinlik yaşına çatmadığını) və s. açıqlamadan, onu xarakterizə edən digər məlumatlar üzrə aparmağa imkan verir.

Bazanın əsas məqsədi hakimlərə, vəkillərə, həmçinin digər hüquqşünaslara məhkəmə qərarları ilə tanış olmağa şərait yaratmaqdır. Bu, hakimlərə formalaşmış məhkəmə təcrübəsinə yiyələnmək, digər hüquqşünaslara isə onlarla əvvəlcədən tanış olmaqla müdafiəni düzgün qurmaq və işin uğur qazanmaq ehtimalını qiymətləndirmək imkanı verir. Fikrimizcə, bu, potensial olaraq, mülki mübahisələrin alternativ həll üsullarına, məsələn, mediasiyaya marağın artmasına şərait yarada bilər.

Bundan əlavə, müasir informasiya texnologiyaları məhkəmələrin idarə edilməsi sahəsində də geniş tətbiq olunur. “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” layihəsi toplanmış elektron statistik məlumatlara əsaslanaraq qısa müddət ərzində müxtəlif analitik hesabatların hazırlanmasını, məhkəmələrin və hakimlərin fəaliyyətinin qiymətləndirilməsini və onların işinin səmərəliliyinin müəyyən edilməsini mümkün edir.

Elmi cəhətdən əsaslandırılmış sistem olan bu layihə Məhkəmə-Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, yuxarı instansiya məhkəmələrinə, məhkəmə sədrlərinə və hakimlərə statistik, o cümlədən ümumiləşdirilmiş göstəricilərlə dərhal tanış olmaq imkanı verir, məhkəmələr arasında məhkəmə büdcəsini, hakim ştatlarını və məhkəmə işçilərini düzgün bölüşdürməyə kömək edir.

Yeri gəlmişkən, deyim ki, məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

Azərbaycanda rəqəmsal texnologiyalar cinayət-mühakimə icraatında da fəal tətbiq edilir. Ölkə Prezidentinin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı bu sahədə mühüm “Yol xəritəsi” rolunu oynamaqla hüquqi islahatların yeni mərhələdə davamına rəvac verib, həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqini şərtləndirib.

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə daxil olmuş yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzasına, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslər üzərində nəzarətin gücləndirilməsi, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər üçün elektron qolbaq tətbiq olunur ki, bu da probasiya xidmətinin əməkdaşlarına həmin şəxslər üzərində gecə-gündüz distant nəzarəti həyata keçirməyə imkan verir.

Bu mobil elektron qurğunun cinayət ədliyyəsi fəaliyyətində tətbiqi məhkəmələrə cəmiyyətdən təcridlə bağlı olmayan alternativ cəza tədbirlərini geniş tətbiq etmək, cinayət prosesinin məhkəməyə qədərki mərhələlərində prosessual məcburiyyət tədbirlərini xeyli azaltmaq məqsədi daşıyır.

– Azər müəllim, bu günlərdə yüz illiyini qeyd edən Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə həyata keçirilən bütün bu tədbirlərin, tətbiq olunan yeniliklərin ədliyyə və məhkəmə sisteminin fəaliyyətinin müasirləşməsinə xidmət etdiyi şübhə doğurmur. İnanırıq ki, qarşıda duran vəzifələr bundan sonra da uğurla icra olunaraq yeni-yeni nailiyyətlər qazanılacaqdır...

– Bir əsrlik tarixi olan Azərbaycan ədliyyəsinin ölkəmizin hüquq sistemində özünəməxsus yeri və rolu var. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində təkmil bir struktura çevrilən Azərbaycan ədliyyəsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurlu islahatlar aparılmaqla təkmilləşir və müasirləşir. Ədliyyə və məhkəmə sistemində innovasiyaların tətbiqi, bu sahədə fəaliyyətin rəqəmsallaşması da dövrün tələbidir. Bu istiqamətdə görülən işlər heç də kifayət deyil. Çünki təkmilləşmə davamlı olan bir prosesdir. Sözün qısası, bu prosesin əvvəli var, amma sonu yoxdur.

Ona görə də yaxın perspektivdə “Elektron məhkəmə” informasiya sisteminin funksiyalığının genişləndirilməsi yolu ilə onun daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Məsələn, elektron arxivlərin və analitik hesabatların hazırlanması, statistik materialların avtomatlaşdırılmış qaydada emalı, hakimlərin və məhkəmələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı intellektual modulun, penitensiar xidmət üçün informasiya resursunun alt-sisteminin yaradılması qarşıda duran əsas vəzifələrdir.

Elektron ədalət mühakiməsinin yaradılmasında müəyyən çətinliklər də var. Bununla bağlı lazımi tədbirlər görülərək, sistemin təkmil fəaliyyəti üçün ayrı-ayrı prosessual normaların tətbiqinə vahid məhkəmə yanaşması formalaşdırılır, dövlət qurumları, həmçinin məhkəmə sədrləri və hakimlər bu sistemlə işləməyə təşviq olunur, onlara məhkəmələrin elektronlaşdırılması aşılanır, eyni zamanda, bu sahədə istifadəçilərin müvafiq vərdişlərə yiyələnməsinə, məlumatlılığın artırılmasına xüsusi diqqət yetirilir.

Beləliklə, məhkəmə sistemində tətbiq olunan innovasiya layihələrinin qısa icmalı onu göstərir ki, bizim bu gün dünyada müşahidə etdiyimiz yüksək texnologiya meynstrimi (red. - əsas xətt), həm də yaxın gələcəkdə ona gətirib çıxara bilər ki, bir çox işlər üzrə ədalət mühakiməsinin aparılması əsasən rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilsin.

Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin təbirincə desək, “biz bir gün yuxudan oyanıb görərik ki, yaşadığımız o dünya artıq yoxdur”. Bu proqnozu tam şəkildə ədalət mühakiməsi sahəsinə də aid etmək olar.

Lakin texnologiyalar müxtəlif fəaliyyət sahələrinə, o cümlədən ədalət mühakiməsi sahəsinə nə qədər nüfuz etsə də, əminik ki, insan amili, heç şübhəsiz, öz həlledici rolunu qoruyub saxlayacaq. Avropa Şurası rəsmisinin qeyd etdiyi kimi, informasiya texnologiyalarının tətbiqindən sonra da ədalət ilahəsi – Femida öz əlində Blekberri telefonu deyil, qılınc və tərəzi tutacaq.

Həqiqətən də informasiyalaşma qeyri-səmərəli işləyən sistemi səmərəli sistemə çevirə bilməz, lakin yaxşı işləyən sistemin daha səmərəli və daha fəal işləməsinə yardım edə bilər.

– Maraqlı müsahibəyə görə təşəkkür edir, bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş məhkəmə sisteminin təkmilləşməsi işində Azərbaycan ədliyyəsinə uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.