CƏMİYYƏT


Adam Draper ilə virtual reallıqda təlim təşkil ediləcək

Bakı, 5 sentyabr, AZƏRTAC 

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti və “SUP” Akselerasiya Mərkəzinin məzunu Vriendly öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını həyata keçirəcək.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbirdir. Tədbir üç hissədən ibarət olacaq: təlimin əsas hissəsi (45 dəqiqə), sual və cavab (15 dəqiqə), seçilmiş startaplar ilə üzbəüz sessiya (hər biri 5 dəqiqə olmaqla).

Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Bunu nəzərə alaraq, təşkil olunan tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Adam Draper məşhur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən “Boost VC”nin qurucusu və icraçı direktorudur.

Maraqlanan iştirakçılar tədbiri sentyabrın 13-də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində canlı izləyə bilərlər.

Tədbir haqqında ətraflı məlumat: https://vriendly.co/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.