MƏDƏNİYYƏT


Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb

İstanbul, 24 sentyabr, AZƏRTAC 

Türkiyənin Adana şəhərində keçirilən XXV Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.

Adana Atatürk Sənət Qalereyasında təşkil olunan tədbirə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimləri, eləcə də çox sayda xarici qonaq və festival iştirakçısı qatılıb.

Əvvəlcə Azərbaycan kinosunun tarixini və inkişafını əks etdirən fotosərginin açılışı olub.

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Xalq artisti Cahangir Novruzov, tanınmış kinorejissor Ayaz Salayev və Mədəniyyət Nazirliyinin əməkdaşı, ssenarist Elşad Əliyev Azərbaycan kinosunun tarixi və keçdiyi yol barədə iştirakçılara müfəssəl məlumat veriblər. Paneldə Azərbaycan kino tarixi, onun təkmilləşmə mərhələləri, müasir kinomuzun inkişaf dinamikası, o cümlədən bu sahəyə göstərilən dövlət qayğısından danışılıb.

Daha sonra Azərbaycan kinosunun tarixini əks etdirən, kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filminin nümayişi olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, Ulu Öndərin kino və mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərindən maraqlı məqamlar əksini tapıb. Filmdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda kino sənətinin inkişafına böyük qayğı göstərilir. Dövlətimizin başçısının Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması barədə Sərəncamı da bu qayğının bariz nümunəsidir. .

Sonda çıxış edən Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü Azərbaycan kinosunun zəngin nümunələri ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, əminliklə qeyd etdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, kino sahəsində də birgə əməkdaşlıqla böyük uğurlar qazanacaq.

Qeyd edək ki, festival çərçivəsində “İçəri şəhər” bədii filminin nümayişi nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.