ELM VƏ TƏHSİL


“Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” dərs vəsaitinin təqdimatı olub

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin kitabşünaslıq və kitabxanaçılıq kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Asif Rüstəmlinin “Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” dərs vəsaitinin təqdimatı olub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin professoru Aqşin Babayev yeni nəşrin məziyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyətliliyi ilə yanaşı, pedaqoji sahədə çox qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib. O, bu dərs vəsaitinin ədəbi bədii redaktə sahəsində dəyərli məxəz olacağına əminliyini bildirib.

ADMİU-nun kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Natiq Mürsəlov bildirib ki, bu dərs vəsaitində ümumi redaktə işinin aparıcı və mühüm qolu olan ədəbi redaktənin əsasları tarixi, nəzəri və təcrübi aspektlərdən təhlil edilib. Universitetin elmi şurasının qərarı ilə nəfis şəkildə çap olunan kitabda əlyazma üzərində ədəbi redaktə prosesinin mətnin ədəbi-tənqidi təhlili, mətnin dəyərləndirilməsi və əlyazmanın əyər-əskiyinin düzəldilməsi kimi üç mühüm mərhələsi ətraflı təhlilə cəlb olunub.

Tədbirdə professor Nəsir Əhmədli, filologiya elmləri doktoru Elçin Mehrəliyev, filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov, Gülbəniz Babayeva və digər çıxış edənlər kitabın redaktorluq sənətində təhsil alan gənclərin peşəkar mütəxəssis kimi yetişməsində, onların elm və mədəniyyətimizin inkişafında uğurlu fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayacağını bildiriblər.

Sonda nəşrin müəllifi A.Rüstəmli tədbirin təşkilatçılarına və iştirakçılarına, dərs vəsaitinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.