ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı hadisələrin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorunun müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əskərli açaraq 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı birləşmələrinin Bakıda törətdiyi vəhşiliklərdən və qətllərdən danışıb. Qeyd edib ki, qanlı cinayətlər Azərbaycan xalqının müstəqillik arzularını boğmaq niyyəti ilə törədilib. Lakin tökülən qan, törədilən cinayət xalqımızın mübarizə əzmini qıra bilməyib. Vurğulanıb ki, məlum tarixi hadisəyə kəskin münasibəti ilk olaraq görkəmli dövlət xadimi Heydər Əliyev verib. Ümummilli Lider bütün təhlükələrə rəğmən Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyini xalqımıza qarşı törətdiyi terrora görə kəskin ittiham edib.
Digər çıxış edənlər də 29 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıblar. Hadisələrin Bakı ilə yanaşı, Lənkəran və Neftçala şəhərlərində də cərəyan etdiyi və həmin şəhərlərdə də qırğınların törədildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
1990-cı il yanvarın 20-də törədilən bu ağır faciənin bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədiyi, əksinə, xalqın daha da prinsipial mübarizəyə qoşulduğu və bu mübarizədən qalib çıxdığı vurğulanıb.
Mərasimdə institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy “20 Yanvar hadisələrinin bədii ədəbiyyatda inikası” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərindən bəhs edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.