ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda “Dəmir yumruq dastanı” kitabının təqdimatı olub

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, “Dəmir yumruq dastanı” kitabı ideyası və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf etdirilməsinə, bu günümüzün ideallarına tamamilə cavab verir. Kitab Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbəyə həsr olunub. Əsər dastan poetikasının prinsiplərinə əsasən şeirlə nəsrin növbələşməsindən yaranıb.

“Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin Bərpası Günü bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin”, - deyə akademik bildirib.

Sonra filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Şöhrət Məmmədova “Zahid Xəlilin yaradıcılığı”, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova “Dəmir yumruq” əsəri Vətən müharibəsinin bədii salnaməsi kimi”, institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Dəmir yumruq” haqqında dastan – uşaqlara zəfər töhfəsi”, Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə “Dəmir yumruq dastanı”nda folklor motivləri” mövzularında məruzə ediblər.

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu, professor Rafiq Yusifoğlu müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.