ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub

Bakı, 3 may, AZƏRTAC

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının oncildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, ensiklopediyanın hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin bütün əməkdaşlarının sanballı xidməti var. “Molla Nəsrəddin” yenidən yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın ictimai-siyasi proseslərini izləməyib, həm də dünyadakı prosesləri izləyib. Eyni zamanda, mollanəsrəddinçi ədəbiyyatın poetikası müstəqillik işığında yenidən yazılmalıdır. “Molla Nəsrəddin” ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi-tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı deyib: “Bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin” ensiklopediyası”nın hazırlanması qürurvericidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran akademik İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə tədqiqatlarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin” ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanaraq nəşr edilib. Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilib.

Ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış kitab “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. “Molla Nəsrəddin” jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Bu nəşr məzmununa görə təkcə sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər.

Kitabın hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası” Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir. Burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, kitabların siyahısı və s. haqqında bilgilər verilib. Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın işıq üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, eyni zamanda, jurnalda məşhurlaşanlar, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib.

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası” mövzusunda məruzə edib. Qeyd olunub ki, ensiklopediya üzərində işə 2016-cı ildən start verilib. Əvvəlcə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Molla Nəsrəddin” ensiklopediyası üçün “Sözlük” hazırlanmışdı. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsidir.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu kitabı təkcə Ədəbiyyat İnstitutunun deyil, bütövlükdə akademiyanın uğuru kimi dəyərləndirib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı və mətbuatı üçün Ədəbiyyat İnstitutu tərəfindən çox sanballı töhfə adlandırıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” ilə bağlı fikirlərini bölüşüblər.

Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ensiklopediyanın məsul redaktoru Gülbəniz Babayeva “Milli məfkurə yaddaşının ensiklopediyası” mövzusunda məruzə ilə çıxış edib. O, institutun digər şöbələrinin, o cümlədən Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin, xüsusilə şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın ensiklopediyanın hazırlanmasında dəstəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.