ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda Nobel mükafatçısı ilə görüş
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra Nobel mükafatçılarının ölkəmizdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etdiklərini söyləyib. Bildirilib ki, dünya şöhrətli alimlərin Azərbaycana səfərləri elmi, akademik qurumlar arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasına töhfəsini verir.
İlk dəfə ədəbiyyat sahəsi üzrə Nobel mükafatçısının Azərbaycana gəldiyini qeyd edən akademik İ.Həbibbəyli Vole Şoyinkanın mübarizələrdə keçən həyatı və yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, Vole Şoyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, eyni zamanda ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsidir.
Akademik Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bildirərək yazıçının həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə də danışıb. Qeyd edilib ki, 1986-cı ildə Vole Şoyinkaya “böyük mədəni perspektivə və poetikliyə malik milli teatrın yaradılmasına görə” Nobel mükafatı verilib. O, öz Nobel mühazirəsini Cənubi Afrika lideri Nelson Mandelaya həsr edib. Yazıçının yaradıcılığında əsasən insan, onun mənəviyyatı, mübarizəsi, iztirabları geniş şəkildə əks olunur. Poeziya, nəsr və dramaturgiya ilə ardıcıl məşğul olan V.Şoyinkanın həbsxanada olarkən qələmə aldığı şeirləri bütün Afrikada məşhurdur.
Vurğulanıb ki, azərbaycanlı yazıçı Nəriman Əbdülrəhmanlı yazıçının “Təfsirçilər” əsərini ana dilimizə tərcümə edib.
Görüşdə Nobel mükafatı laureatı Vole Şoyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə ətraflı məlumat verib.
Qonaq Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
Görüşdə Nəriman Əbdülrəhmanlı və institutun əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.
Sonda Nobel mükafatı laureatı, nigeriyalı yazıçı iştirakçıların suallarını cavablandırıb.