ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda Xalq yazıçısının oğlu ilə görüş

Bakı, 15 mart, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, magistrantlar və digər alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı açıb. Bildirib ki, bu görüş şöbənin mütəmadi keçirilən müzakirələrindən biridir. O, şöbədə hazırlanan kitablardan birinin Xalq yazıçısı Süleyman Rəhimova həsr olunduğunu qeyd edib. “Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında yeganə şəxsiyyətdir ki, epopeya yaradıb, “Şamo” ilə başlayıb, təxminən həmin əsərlə də bitirib. Bütün ömrü boyu Şamodan ayrılmayıb”, - söyləyən alim yazıçının həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib, haqqında aparılan tədqiqatlara münasibət bildirib.

Filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxışında Xalq yazıçısının ədəbiyyatımıza gətirdiyi yeniliklərdən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Süleyman Rəhimov milli adam olub, bütövlükdə özünü Azərbaycana həsr edib. Gənclərə yaxından kömək edib. Nəsrin bütün janrlarında yazıb. Sovet dövrü ədəbiyyatında yeganə epopeyanı o yaradıb. “Şamo” romanında yaradılan 879 obrazın heç biri bir-birinə bənzəmir. Bu əsər dünyanın 60 dilində çap olunub, rus dilində 12 dəfə nəşr edilib.

Tədbirdə filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və İsmayıl Məmmədli də çıxış edərək Süleyman Rəhimov haqqında maraqlı faktlar səsləndiriblər.

Sonda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimov çıxış edərək tədbirin təşkili üçün təşəkkürlərini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.