ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir
Bakı, 25 fevral, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Tədbiri institutun direktoru, akademik İsa Həbibbəyli açaraq bu il Xocalı soyqırımının yad edilməsinin əvvəlki illərdən fərqləndiyini deyib: “Qarabağın işğaldan azad edilməsi Azərbaycanın dövlətçilik və hərb tarixinin bənzərsiz hadisəsidir. Xocalı soyqırımını Vətən müharibəsində qələbəmizdən sonra anmağın səciyyəvi cəhətləri var. Prezidentin rəhbərliyi ilə böyük qayıdış başlayıb. Azərbaycan xalqı inanır ki, artıq Qarabağın hərbi və siyasi taleyi etibarlı əllərdədir. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməliyik. Dünya erməni faşizminin əsl üzünü tanımalıdır. Xocalı faciəsinə obyektiv qiymət vermədən Qarabağ münaqişəsinin mahiyyətini anlamaq çətindir. Bu faciəyə obyektiv siyasi qiyməti ulu öndər Heydər Əliyev verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm işlər həyata keçirirlər. Dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırımı kimi tanınır. Bu yöndə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasını xüsusi vurğulamaq lazımdır. Hər il Ədəbiyyat İnstitutunda da bu faciənin ildönümü qeyd edilir”.
Onlayn tədbirdə Milli Məclisin deputatı, professor Jalə Əliyeva vurğulayıb ki, biz böyük qələbəni qazanmaqla bərabər, 29 illik kədərimizi də unutmayacağıq: “Xocalı faciəsinin izlərini 44 günlük müharibədə bir daha gördük. Ermənilər Gəncə, Bərdə, Tərtər və Naxçıvanda mülki əhaliyə atəş açmaqla öz xislətlərini bir daha ortaya qoydular. Bu hadisələr tarixlə birgə ədəbiyyatda da öz əksini tapacaq”.
Sonra institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında” mövzusunda məruzə ilə çıxış edib. Xocalı soyqırımına həsr edilmiş poeziya nümunələri, nəsr və dram, eləcə də publisistik əsərlər təhlil olunub.
Müəssisənin Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə şöbə əməkdaşlarının Xocalı soyqırımı mövzusunda kifayət qədər əsərlər yazdıqlarını, mətbuatda yayımladıqlarını bildirib. Həmçinin Qarabağ mövzusuna həsr olunan şeirlərdən ibarət antologiyanın hazırlandığını və İranda nəşr ediləcəyini söyləyib.
Filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran isə həmin günlərin şahidi kimi ağrılı xatirələrini bölüşüb, bu faciənin dünyada tanıdılması üçün apardığı mübarizədən söz açıb, soyqırımı ilə bağlı bir neçə kitab çap etdirdiyini bildirib. Yığıncaqda, o cümlədən onun iştirakı ilə xaricdə yayımlanan veriliş nümayiş olunub. Bundan əlavə, Fəridə Hicran “Mən sizə nə söyləyim” şeirini səsləndirib.
Tədbirin sonunda Nurəngiz Günün poeması əsasında hazırlanan “Xocalı simfoniyası” filmi nümayiş etdirilib.