ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda Yunus Oğuzun "Ovçu" romanı müzakirə olunub

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun "Ovçu" tarixi romanının müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Y.Oğuzun yaradıcılığından bəhs edib. “Ovçu" əsərinin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğunu deyən akademik bildirib ki, Y.Oğuz müstəqillik dövründə bədii nəsr sahəsində ardıcıl fəaliyyət göstərir. O, "Atabəylər" "Nadir şah", "Əmir Teymur" , "Təhmasib Şah" kimi tarixi romanların müəllifidir. Yazıçının əsərlərində verilən tarixi faktlar, eyni zamanda, müasir dövrümüzü əks etdirir. Onun yazdığı əsərlər bu gün türk dünyasında, xüsusilə də Orta Asiya respublikalarında çox populyardır. İ.Həbibbəyli "Ovçu" romanını Y.Oğuz yaradıcılığının yeni keyfiyyəti kimi dəyərləndirib.

Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözova "Ovçu" romanının əhəmiyyətindən danışıb. O bildirib ki, bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanların əziz xatirəsinə elegiyadır. Yazıçı "Ovçu" romanında bu günlə keçmiş arasında bir əlaqə yaradıb. Bu əsərin böyük ideoloji mənası var. Əsərdə üç dövr - Alp Arslan, Nadir şah və müasir dövr öz əksini tapır.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu bildirib ki, Y.Oğuzun bu əsərində müasirliklə tarixilik bir vəhdət təşkil edir.

Azərbaycan tarixi ilə bağlı bədii, tarixi kitabların yazılmasına ehtiyac olduğunu bildirən Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli "Ovçu" romanını Y.Oğuz yaradıcılığının ən dəyərli nümunələrindən olduğunu deyib.

Milli Məclisin deputatı, yazıcı Aqil Abbas “Ovçu" romanı haqqında fikirlərini bölüşüb. O bildirib ki, belə tarixi kitabların kitabxanalara, xüsusilə məktəb kitabxanalarına paylanması gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynaya bilər.

"Ovçu" tarixi romanının ərsəyə gəlməsinə görə Y.Oğuza təşəkkür edən Murad Mirzəyevin atası Telman Mirzəyev Aprel döyüşlərində qazanılan qələbənin davamlı olacağını bildirib.

Sonda çıxış edən Y.Oğuz tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. “Ovçu” romanının müasir tariximizlə bağlı yazdığı ilk əsər olduğunu deyən yazıçı gələcək fəaliyyətində bu mövzuya yenə müraciət edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.