ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun doktorant və dissertantları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, ekskursiyada Ədəbiyyat İnstitutunun doktorant, dissertant və magistrantları iştirak ediblər. Səfər çərçivəsində muzeydə sərgilənən eksponatlarla yaxından tanış olan ziyarətçilərə muzeyin fəaliyyəti haqqında məlumat verilib.
Sonda Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva muzeylərə təşkil olunan ekskursiyaların əhəmiyyətindən danışıb, gənc tədqiqatçıları Ədəbiyyat İnstitutu ilə daha sıx əməkdaşlıq etməyə çağırıb.