ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun şöbə müdirinin yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub. “Salatın Əhmədlinin bədii publisistikası” adlı monoqrafiya institutun elmi şurasının 2019-cu il 19 sentyabr tarixli qərarı ilə nəşr edilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Gənclik” nəşriyyatında işıq üzü görən kitabda yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılığında publisistikanın yeri və mövqeyi fakt və materiallar əsasında təhlilə cəlb olunur. Monoqrafiyanın birinci fəsli “Azərbaycan publisistikasında Salatın Əhmədlinin yeri və mövqeyi”, ikinci fəsli isə “Salatın Əhmədlinin publisistikasında milli tarixi yaddaş, dil, ədəbiyyat və sənət məsələləri” adlanır.
Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, rəyçiləri isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.