ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransı keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən respublika gənclər konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbiri muzeyin baş direktoru akademik Rafael Hüseynov açaraq konfransın əlamətdar dövrə təsadüf etdiyini, Zəfər ilinin, Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən ilin Nizaminin adı ilə bağlı olduğunu vurğulayıb. Nizami irsinin nəşri, tərcüməsi və tədqiqinin müasir problemləri barədə fikirlərini bölüşən akademik R.Hüseynov klassik dövr Azərbaycan ədəbiyyatının araşdırılmasının hələ də öz aktuallığını saxladığını, müasir dövr ədəbiyyatımız və mədəniyyətimizlə yanaşı, orta əsrlər irsimizin də öyrənilməsinin vacibliyini bildirib.

Rafael Hüseynov Nizaminin günümüzə gəlib çatan irsinin gənclərə və gələcək nəsillərə necə ötürülməli, aşılanmalı olduğu barədə qənaətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, nizamişünaslığın tarixinin artıq bir neçə əsrə çatdığını söyləyib, bu gün də görülməli işlər olduğunu, Nizami Gəncəvi irsinə aid tərcümə və nəşrlərin qənaətbəxş olmadığını, ədibin dünyanın müxtəlif guşələrindən əlyazmalarının toplanması və elmi-tənqidi mətninin hazırlanmasına ciddi ehtiyac olduğunu bildirib. Akademik “Xəmsə”nin elmi-tənqidi mətninin ötən əsrin ortalarında hazırlandığını, lakin dəqiqləşdirmələr aparılmasının vacibliyini qeyd edərək, xüsusən “Divan”ının elmi-tənqidi mətninin hazırlanması probleminin hələ də qaldığını, filoloji və bədii tərcümələrinin yenidən edilməli olduğunu vurğulayıb.

Çıxışının sonunda akademik Rafael Hüseynov konfransın işinə uğurlar arzulayıb.

Sonra tədbirə qonaq qismində dəvət olunan Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov çıxış edib. XX əsr Azərbaycan ədəbiyyatının tanınmış qadın şairlərindən olan Əzizə Cəfərzadənin iş otağından konfransa qoşulan Turan İbrahimov anasının yuvarlaq ildönümünə həsr olunan bölmənin də olduğunu fərəh hissi ilə söyləyib. O, Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nin 12 cildliyinin işıq üzü gördüyünü, topluya daxil olan əsərlərinin bir qisminin təkrar nəşr olunduğunu, bəzilərinin isə ilk dəfə çap edildiyini vurğulayıb. Turan İbrahimov çoxcildliyin respublikanın aparıcı kitabxana və təşkilatlarına, o cümlədən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kitabxanasına hədiyyə edildiyini bildirib. O, Əzizə Cəfərzadənin ev arxivinin elektronlaşdırıldığını, açıq istifadədə olduğunu gənc tədqiqatçıların diqqətinə çatdırıb.

Daha sonra konfrans seksiya və bölmələrlə işini davam etdirib.

Filologiya və sənətşünaslıq elmləri olmaqla, iki seksiyadan ibarət konfransın bölmələrinin hər biri bu il yuvarlaq ildönümü olan görkəmli şəxsiyyətlərimizə həsr edilib. Belə ki, filologiya elmləri seksiyası Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr olunan Ədəbiyyatşünaslıq bölməsi və Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr olunan Dilçilik bölməsi olaraq formalaşdırılıb, sənətşünaslıq elmləri seksiyası isə Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan Mədəniyyətşünaslıq bölməsi və Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan İncəsənət bölməsi olmaqla iki hissədən ibarət olub.

Konfransda respublikanın ali təhsil müəssisələrinin tələbələrinin və AMEA institutlarının magistr və gənc alimlərinin apardıqları tədqiqat mövzularını əhatə edən məruzələr dinlənilib.

Tədbirdə Sumqayıt Dövlət Universitetinin Gənc Alim və Mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Mürsəliyeva, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Fatimə Süleymanova, Bakı Musiqi Akademiyasının tələbəsi Tamilla Süleymanova və digərlərinin də daxil olduğu 50-yə yaxın məruzəçi iştirak edib.

Qeyd edək ki, onlayn konfransın materialları Nizami Muzeyinin veb-saytında PDF şəklində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.