ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin arxivində yer alan və 1990-cı illərdə hazırlanmış “Qarabağ ulduzları” mövzusunda sərgi nümayiş etdirilib.

Konfransda Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Xurşidbanu Natəvanın ədəbi səsləşmələri və əbədi səsi” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov çıxışında Natəvanın ölməz söz sənətindən və əsərlərinin poetik incəliklərindən bəhs edib.

Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik Rafael Hüseynov bildirib ki, Mehdiqulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın xüsusi bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verib. “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu olan qadın şairlərdəndir.

“Bu il Natəvanın doğum gününü ürək açıqlığı ilə qeyd edirik. Çünki Qarabağımız azaddır, Azərbaycan torpaqları işğaldan azad olunub”, - deyən akademik tarixin bütün zamanlarında qadının hər zaman ədəbiyyatın baş mövzusu olduğunu söyləyib. Qeyd edib ki, Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şəxsdir. O, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük işlər görüb. “Xurşidbanu Natəvan Azərbaycanın ədəbi-mədəni həyatında, bütün milli ruhun daşıyıcısı olaraq bir missiyanı yerinə yetirirdi. Natəvan həm də Azərbaycan qadının parlaq obrazı idi” ,- deyən akademik onun elmi irsindən də söz açıb. Bildirib ki, Natəvandan bizə şeirləri, məktubları, tərcümələri yadigar qalıb. Ondan bizə qalan bu irsin həcmi çox da böyük deyil. Ancaq o irsin içərisində Azərbaycan poeziyasının, Azərbaycan qadın poeziyasının özünəməxsus bütün cəhətləri əksini tapıb.

Rafael Hüseynov Xurşidbanu Natəvanın rəhbərlik etdiyi ədəbi məclisdən, xeyriyyəçilik fəaliyyətindən də söz açıb. Bildirib ki, onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri və yol çəkdirib.

Konfransda professor Xatirə Bəşirli “Nizami muzeyinin fondunda və ekspozisiyasında Xurşidbanu Natəvan”, dosent Rübabə Şirinova “İrəvan xanlığı və xan qızı Natəvan”, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli “Azərbaycanın ədəbi-mədəni mühitində gender ideologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi konfransın fəxri qonaqları sırasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan, Xurşidbanu Natəvanın nəsil şəcərəsindən olan Ofelya Bağırbəyova şairənin poeziyası, xüsusilə də onun mərsiyə janrındakı şeirləri barədə məlumat veriblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Xurşidbanu Natəvanın bir qəzəlinin şərhi”, “Xurşidbanu Natəvanın ictimai, ədəbi və bədii həyatına bir baxış”, “Şuşanı mədəniyyətimizin beşiyi edən görkəmli şəxsiyyətləri”, “Qələm dostlarının Natəvan sevgisi, Natəvan məhəbbəti”, “Saray ədəbi məclisində janr paralelliyi: müəlləqə və qəsəmnamə”, “Azərbaycan ədəbiyyatında ədəbi məclislər ənənəsi”, “Milli poeziyada Natəvan kədəri”, “Xurşidbanu Natəvanın yaradıcılığı Nizami muzeyinin ekspozisiyasında”, “Azərbaycan mədəniyyəti və ictimai həyatında Xurşidbanu Natəvanın izi”, “Xurşidbanu Natəvan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında”, “Azərbaycan poeziyasında bənövşə obrazı” və digər mövzularda məruzələr dinlənilib.

“Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans iyulun 6-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.