ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyində elmi seminar: Nizami Gəncəvinin Qərbi Avropada öyrənilməsi tarixi
Bakı, 21 iyun, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvinin Qərbi Avropada öyrənilməsi tarixi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, məruzəçi – muzeyin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Avropa şərqşünaslığında dahi şair Nizami Gəncəvidən bəhs edən ilk tarixi mənbələr və alimlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Avropa oxucusunun Nizami adı və yaradıcılığı ilə ilk tanışlığı XVII əsrdə Fransada işıq üzü görmüş “Şərq kitabxanası” ensiklopediyası (“Biblioteque oriental”) vasitəsilə olub. Sonrakı yüzillərdə isə ingilis alimi Con Malkolm, Avstriya şərqşünası Jozef Frayer fon Hammer və digərləri Nizami Gəncəvi bədii-fəlsəfi dühasını, əsərlərini qərb aləminə ən yaxşı şəkildə tanıdan ədəbiyyatşünaslar olublar.
Nəzmiyyə Yigitoğlu qeyd edib ki, Nizami Gəncəvinin bədii yaradıcılığı zəngin sənətkarlıq xüsusiyyətləri, məna, məzmun dərinliyi ilə fərqləndiyi kimi böyük mütəfəkkirin dünya elmində öyrənilməsi, ustad kimi tanıdılması ənənəsi də çoxəsrlik keçmişə və aktuallığa malik olan mövzulardandır.
Elmi seminarda Nizami muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, Кomparativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünasliq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent, ədəbi tənqidçi İradə Musayeva da çıxış ediblər.
Çıxışlarda Nizami Gəncəvinin müasir dünya şərqşünaslığında öyrənilməsi və tərcüməsi problemləri, şairin milli mənsubiyyətini aydınlaşdıran qədim mənbələr, 1940-cı illərin Nizami araşdırmaları, o cümlədən “Xəmsə” incilərinin klassik Şərq fəlsəfəsi kontekstində ilk romanlar hesab edilməsi haqqında dəyərli fikirlər səslənib.
Tədbir muzeyin doktorantları - Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçiləri Gülnar Əqiq, Natavan Bağırova və digərlərinin çıxışları ilə davam edib.