ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyində rəssam-heykəltəraş Səlim Turanın yaradıcılığına həsr olunan seminar

Bakı, 15 fevral, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli türkoloq alim, mütəfəkkir və rəssam Əli bəy Hüseynzadənin rəngkarlıq istedadının irsi-mənəvi davamçısı, ədibin oğlu Səlim Turan yaradıcılığına həsr olunan “Səlim Turan – dərviş ruhlu rəssam” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı mövzu ilə bağlı məruzə edib. O, dünyaca məşhur azərbaycanlı abstraksionist rəssam-heykəltəraş Səlim Turanın mənalı ömür yolundan bəhs edib, rəssamın İstanbul Gözəl Sənətlər Akademiyasında, Parisin Ekol de Bozar Ali Rəssamlıq Məktəbində, eləcə də dövrün Fransa sənət mühitində formalaşan təhsil və yaradıcılıq illərindən danışıb.

T.Babanlı qeyd edib ki, gənc çağlarında ebru, miniatür, xətt sənətlərinə yiyələnmiş Səlim Turan sonralar heykəltəraşlığın sirlərinə də bələd olur. Əsərləri Sorbonna Universitetinin divarlarını, Fransa və İtaliyanın küçə və meydanlarını bəzəyən azərbaycanlı rəssam-heykəltəraşın 1975-ci ildə Fransada yaratdığı “Tezis, antitezis, sintez” abidəsi ona qərb ölkələri miqyasında böyük şöhrət qazandırıb. İllərlə ürəyində iki vətən – Azərbaycan, Türkiyə həsrətini daşıyan rəssam 1994-cü ildə Parisdə vəfat edib. Onun cənazəsi Türkiyəyə gətirilərək Qaracaəhməd qəbiristanlığında, atası Əli bəy Hüseynzadənin məzarı yanında dəfn edilib.

Seminar məşğələsi muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Törəxanım Hüseynova və digərlərinin sual və çıxışları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.