ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi sessiya keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Həmişə Azərbaycanla olacaq öndər” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov mövzu üzrə məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik və müstəqillik yolundakı şərəfli mübarizəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb.

Akademik qeyd edib ki, ulu öndər Heydər Əliyev istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş, parlaq iz qoymuş böyük tarixi şəxsiyyətdir. Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin sonlarının çox ağır, sınaqlı, mübarizəli yollarından Azərbaycanın müstəqilliyini, istiqlalını uğurla keçirərək XXI əsrə çatdırıb. Azərbaycan tarixinin XX yüzilliyinin ikinci yarısının böyük bir mərhələsi - ölkəmizin inkişafı, çiçəklənməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələn zaman Azərbaycan SSRİ-də iqtisadi göstəricilərinə görə sonuncu yerlərdə idi. Ancaq çox qısa zaman ərzində Ümummilli Liderin zəngin dünyagörüşü və uzaqgörənliyi ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etməyə başladı, ölkənin iqtisadiyyatında, sənayesində və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olundu. Şəxsiyyətin gücü istənilən tarixi mərhələdə və şəraitdə xalqı yüksəldə bildi.

“Azərbaycanın bütün tarixi boyu qazandığı sərvətləri sırasında ən qiymətlisi onun istiqlalıdır, müstəqilliyidir. Ümummilli Lider müasir Azərbaycan dövlətini qurub və onun gələcəkdə yüksəlməsi üçün möhkəm təməllər yaradıb. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə ölkəni yox olmaq təhlükəsindən xilas etdi, dövlətçilik və ordu quruculuğu sahəsində mühüm addımlar atdı. Dahi lider Azərbaycanın istiqlalını, bütövlüyünü qorudu və möhkəmləndirdi. Biz bu istiqlalı qoruyub saxladığına və daim yüksəklərdə qalmasına zəmin yaratdığına görə Heydər Əliyevə minnətdarıq”, - deyə Rafael Hüseynov bildirib.

Dövlətimizin bütün strukturları və sütunlarının görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ucaldıldığını, möhkəmləndiyini diqqətə çatdıran akademik dahi liderin qurduğu Azərbaycanın gələcəyə doğru inamla addımladığını deyib. Diqqətə çatdırıb ki, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün bütün sahələrdə sürətlə inkişaf edir.

Rafael Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin hələ o illərdə müstəqil Azərbaycanın gələcəyi üçün təməllər atmağa başladığını deyib, ölkənin gələcək quruculuğu üçün gördüyü işlərdən söz açıb. Qeyd edib ki, dahi liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin sosial-iqtisadi inkişafı üçün böyük işlər görülüb, müxtəlif fabrik və zavodlar açılıb, körpülər tikilib, yollar salınıb, elm, təhsil, mədəniyyət ocaqları, tibb müəssisələri istifadəyə verilib. Müstəqilliyimizin ilk və çətin zamanında dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələr Azərbaycanın gələcək iqtisadi və siyasi gücünün təmin edilməsində böyük rol oynadı.

Ümummilli liderin müstəqillik dönəmində uğurlu xarici siyasətindən bəhs edən akademik bu gün dünyada Azərbaycan lobbisinin formalaşmasının dahi liderin diaspor quruculuğu sahəsində atdığı addımların, gördüyü işlərin nəticəsi olduğunu söyləyib. Vurğulanıb ki, Ulu Öndərin bu mühüm xidmətləri heç zaman Azərbaycan tarixindən silinməyəcək.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndər hər zaman ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələrin inkişafına diqqət və qayğı ilə yanaşıb. Ədəbiyyat, mədəniyyət və elm xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, onlara fəxri adların verilməsi, ev-muzeylərinin açılması, abidələrinin ucaldılması Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi sevgi və qayğısının bariz nümunəsidir. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin bu gün belə yüksək inkişaf səviyyəsinə gəlib çatmasında Ümummilli Liderin müstəsna əməyi var.

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi parlayacaq” kəlamını xatırladan akademik qeyd edib ki, zaman ötdükcə Ümummilli Liderin böyük təməllər üzərində qurduğu Azərbaycanın dünyaya günəş kimi parladığının şahidi oluruq.

Rafael Hüseynov Ulu Öndərin ideyalarının bu gün də aktuallığını qoruduğunu və onun xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib. Bildirib ki, Azərbaycan bu gün Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət olaraq öz sözünü deyir və dinamik inkişaf edir.

Tədbirdə Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətindən bəhs edən sərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.