ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin Aran regional filialı “Nizami Gəncəvi İli" ilə əlaqədar yeni layihəyə başlayıb

Bakı, 7 may, AZƏRTAC

Ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tədbirlər planı hazırlayıb. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində rayon təhsil şöbəsi ilə birgə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə Nizami mühazirələri keçirilməsinə start verib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, ilk onlayn formatda keçirilən tədbiri Ədəbiyyat Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı açaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından danışıb. Qeyd edib ki, mütəfəkkir şair elmin insan həyatında əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirib, əsərlərində bir sıra elmi məsələlərə toxunub. Nizami elmə, elm adamına olan müsbət münasibətini mühazirələrimizin devizi kimi qəbul etdiyimiz kəlamında layiqli şəkildə ifadə edib. Vurğulanıb ki, mühazirələrin də keçirilməsində məqsəd gənc nəslin Nizami irsinə marağının artırılması, onlara şairin yaradıcılığının bütün aspektlərdən öyrənilməsini təmin etməkdir.

Sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları” mövzusunda mühazirə söyləyib. O, Nizaminin əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatının bütün nümunələrindən atalar sözləri, məsəllər, əsatir və əfsanələr, rəvayətlər, nağıl və dastanlardan yaradıcı şəkildə istifadə etməsindən söz açıb, “Xəmsə”dən nümunələr səsləndirib.

Mühazirədə Kürdəmir rayon ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri və X-XI sinif şagirdləri iştirak ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və tədbirin moderatoruna təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.