ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü təşkil ediləcək
Bakı, 16 may, AZƏRTAC
Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “Açıq qapı” günündə Kürdəmir rayon sakinləri və şəhərin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.
Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat veriləcək, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.