ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin Aran regional filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli yazıçı və ictimai xadim, ədəbiyyatımızda “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat və yaradıcılığından danışıb. Bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla yanaşı, həm də böyük dramaturq və nasir kimi tanınır.
Yaqut Bahadurqızı Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının əsasən böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini deyib. Bu tədbirlərin böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərinin, bədii publisistikasını özündə ehtiva edən irsinin tanıdılması baxımından əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.
Sonra Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundzadədən sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edib. O bildirib ki, ədibin pyeslərində yaşadığı dövrün real hadisələri olduğu kimi təsvir edilib, adi ailə-məişət məsələləri əyani və bədii şəkildə ustalıqla qələmə alınıb.
Tədbirdə digər çıxış edənlər də Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışıb, ölməz əsərləri ilə bağlı fikirlərini bildiriblər.
Daha sonra ədibin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdləri yazıçının “Müsəlman”, “Tapmaca”, “Bizim obrazovannılar”, “Sizi deyib gəlmişəm” felyetonlarını, “Nə bilim”, “Şapkanı görəndə”, “Nağıl”, “Dedilər” satirik şeirlərini söyləyiblər.
Yazıçının “Ölülər” və “Anamın kitabı” əsərləri əsasında şagirdlərin hazırladıqları səhnəciklər iştirakçılar tərəfindən alqışla qarşılanıb.