ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin əməkdaşları Nizami Gəncəviyə həsr olunmuş konfransda iştirak ediblər
Bakı, 16 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları aprelin 16-da Lənkəran şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən videokonfransda iştirak ediblər. Tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu müəssisənin Nizami Gəncəvi irsini yaşadan ekspozisiya zalları barədə məlumat verib. Sonra videoçarx vasitəsilə muzeyin zallarına virtual səyahət keçirilib.
Muzeyin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova Nizami Gəncəvi yaradıcılığında qadına münasibətin səciyyəvi xüsusiyyətlərindən danışıb. O, şairin “Xəmsə”sini bəzəyən bir-birindən maraqlı qadın qəhrəmanlardan söz açaraq, onları ideya-məzmun baxımından təhlil edib.
Daha sonra videokonfransın fəxri qonaqlarından olan Türkiyə Səlcuq Universitetinin professoru Ali Temizel çıxış edərək Nizami Gəncəvi məsnəvilərinin qardaş ölkədə tərcümə və nəşr tarixindən bəhs edib.
Sonda tədbir iştirakçıları videoçarx vasitəsilə Gəncə şəhərində yerləşən Nizami Gəncəvi Mərkəzi və Nizami məqbərəsindən görüntüləri izləyiblər.