ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin əməkdaşları Rusiyada beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər
Bakı, 3 aprel, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində “Muzey və mədəni turizm problemləri” mövzusunda XIX dəyirmi masa keçirilib.
AZƏRTAC-a Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin qatıldığı beynəlxalq onlayn tədbirdə muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva və Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova da iştirak ediblər.
Konfransda Nailə Əliyevanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətində müasir texnologiyaların tətbiqi”, Sevinc Heydərovanın isə “Nizami muzeyi: dünən və bu gün” mövzularda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Təqdim olunan məruzələrdə Nizami muzeyinin yaranma tarixi, 1941-ci ildə Nizami Gəncəvinin 800 illiyinin Ermitajda qeyd olunması, bu il isə dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq Sərəncam haqqında ətraflı məlumat verilib.
Həmçinin yeni ekspozisiyanın qurulması və son illərdə aparılan islahatlardan, eləcə də Nizami muzeyinin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən, “Söz məbədi” adlı ikihissəli sənədli filmdən, “80 ilin güzgüsü” adlı yubiley nəşrindən və s. bəhs edilib. Mövcud pandemiya şəraitində muzeyin onlayn fəaliyyətinin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması xüsusi qeyd olunub.