ELM VƏ TƏHSİL


“Ədəbiyyat adamı – 2023” mükafatı təqdim edilib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq dördüncü dəfə təqdim etdiyimiz mükafat bu dəfə onunla əlamətdardır ki, bu il Ulu Öndərin 100 illiyidir. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”.

Daha sonra qaliblər Məmməd Oruc, Mahir Qarayev, İlham Rəhimli, Fəxri Uğurlu və Maral Yaqubova təltif olunublar.

Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.