ELM VƏ TƏHSİL
“Ədəbiyyat biliciləri” müsabiqəsinə başlanılır
Bakı, 21 noyabr, AZƏRTAC
Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.
Təhsil nazirinin əmrinə əsasən keçirilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, üç mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunacaq. Müsabiqədə iştirak könüllüdür.
Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən, məktəb mərhələsində şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmalı, təəssüratlarını qısa qeyd etməlidirlər. Hər məktəbdən ən çoxu üç şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanacaq.
Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına üç saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda iştirakçılar üç variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunan on sualı yazılı cavablandırmalıdırlar.
Sonda inşa yazı onballıq şkala üzrə, on sualın hər biri isə maksimum on balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.
Müsabiqədə I, II, III yerlərin qalibləri təşkilat komitəsi tərəfindən müəyyənləşdiriləcək.