REGİONLAR
“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Ağsu, 23 aprel, AZƏRTAC
Ağsu şəhərindəki Heydər Əliyev parkında rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə “Oxu günü” keçirilib. “Oxu günü”ndə müəllim və şagirdlər, rayon ziyalıları, müharibə və əmək veteranları, ağsulu şair və yazıçılar, musiqi kollektivləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov tədbiri açaraq, son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və mərkəzi kitabxananın dəstəyi ilə “Oxu günü”nün keçirilməsinin ictimai maraq doğuran ənənə halını aldığını qeyd edib və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə rayon ziyalılarından Maarif Şikar, Əmrulla Kərimov, Tahir Xası “Oxu günü”nün keçirilməsinin əhəmiyyətindən danışıb, mütaliənin xüsusilə yeniyetmə və gənclərin biliklərinin artırılması baxımından faydasından bəhs ediblər.
Rayondakı ümumtəhsil məktəblərinin musiqi və özfəaliyyət kollektivləri, “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri şeirlər söyləyib, səhnəciklər göstərib, rəqs və mahnılar ifa ediblər.
Sonda “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar.