REGİONLAR
“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinə 105 şabranlı məktəbli qatılıb VİDEO
Şabran, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabranda “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin ikinci - rayon turuna 35 ümumtəhsil məktəbindən 105 şagird qatılıb. Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin şagirdləri üç saat ərzində 14 sualı yazılı cavablandırıblar.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, fevralın 9-da təşkil olunan rayon mərhələsinin iki qalibi Bakı şəhərində keçiriləcək ölkə turuna vəsiqə qazanacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaq və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqə məktəb, rayon və respublika mərhələlərində keçirilir. Məktəb mərhələsi noyabr-dekabr aylarında başa çatıb, yekun tur isə mart-aprel aylarında təşkil olunacaq.