ELM VƏ TƏHSİL
Ədəbiyyat dərsliklərinin yenidən hazırlanmasına dair müzakirə keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Təhsil İnstitutunun əməkdaşları ilə ədəbiyyat dərsliklərinin yenidən hazırlanmasına dair müzakirə keçirilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Təhsil İnstitutunun Təhsil Resursları mərkəzinin direktor müavini Əsgər Quliyev və Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov iştirak ediblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Əlizadə Əsgərli və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı da fikir mübadiləsinə qatılıblar.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli müzakirənin çox vacib olduğunu vurğulayıb. Bildirib ki, müzakirədə iştirak edən institut əməkdaşları da təhsillə birbaşa əlaqəsi olan alimlərdir.
Akademik İsa Həbibbəyli deyib: “Dərsliklər hazırlanarkən dünyagörüşü və bilik verməsi əsas götürülür. Fikrimcə, dərslik elə bilik verməlidir ki, onun əsasında dünyagörüşü formalaşsın. Ədəbiyyat fənninin bir böyük vəzifəsi də dövlətin strateji hədəflərini, milliliyi, vətənpərvərliyi, azərbaycançılığı aşılamasıdır. Bilik, ümumi dünyagörüşü, konkret ölkə maraqları nəzərə alınmalıdır. Dərsliklər sadə elmi dildə olsa, yaxşı olar. Beləliklə, dərslikdə bilik, dünyagörüşü, vətənpərvərlik və sadə elmi üslub ümumiləşməlidir. Biz beşinci sinifdə oxuyan şagirdi yuxarı sinifdəki hədəfə doğru konkret sistemlə gətirməliyik. Ənənə üzrə ədəbiyyat tarixi üç dövrə bölünür. Artıq yeni dövrləşdirmə konsepsiyası ilə aparılmalıdır. Hər bir xalqın ədəbiyyatının keçdiyi spesifik yol nəzərə alınmalıdır. İndiyə qədər ictimai elmlərin dövrləşməsinə marksist yanaşma əsas olub. Müstəqillik dövründə yaranan ədəbiyyat çoxmetodludur. Mübahisəli məsələlərin dərsliyə gətirilməsi lazım deyil. Fikrimcə, on birinci sinfi bitirən şagird əgər filologiya fakültəsinə getmirsə, o, öz xalqının keçdiyi ədəbiyyat yolu əsasında bir şəxsiyyət kimi formalaşmalıdır. Filologiya fakültəsinə gedən üçün isə dünyagörüşü ilə yanaşı, sistemli bilik də lazımdır”.
Müzakirələrin davam edəcəyi bildirilib.