ELM VƏ TƏHSİL


Ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib

Bakı, 7 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, gündəlikdə müzakirə olunan məsələlər 2018-ci il 26 iyul tarixində III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilinə və 5-ci sinif “Ədəbiyyat” dərsliyinin monitorinqinə aid olub.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın rəhbəri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov gündəlikdəki məsələ ilə bağlı danışaraq, statistik göstəricilər əsasında hər bir test tapşırığının mövzu, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyasına görə müzakirə ediləcəyini, dərsliklərin məzmunu haqqında fikir bildiriləcəyini qeyd edib.

Sonra Bakı şəhəri 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva test tapşırıqlarını və dərsliklər haqqında qeydlərini müzakirəyə təqdim edib.

Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi S.İbrahimov, metodist-müəllim İ.Nəbiyeva, 201 nömrəli tam orta məktəbin müəllimi A.Xəlilova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru A.Mirzəyev və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

Müzakirə nəticəsində 25 (A variantı, 76-100 saylı, B variantı, 76-100 saylı) test tapşırığının qəbul proqramına, dərsliklərə tam uyğun olduğu, abituriyentlərin fənn üzrə bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiq olunub, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib.

Yekunda M.İmanov dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınacağını, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlarına dair metodiki tövsiyələrin hazırlanacağı “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcəyini bildirib.

Yanvarın 14-də keçiriləcək növbəti seminarda 2018-ci il 13 may tarixdə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.