MƏDƏNİYYƏT


"Ədəbiyyat” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, qəzetin xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz" jurnalı ilə birlikdə hazırlanıb.

Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-də məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib: “Akademiyanın müxbir üzvü Nüşabə Araslının hazırladığı kitab min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçirir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. İnstitutumuzun əməkdaşı Siracəddin Hacının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, Nizami ilə bağlı kitabların meydana çıxması baxımından dünyada rekordsmendir. Heç kəsin Nizami Gəncəvi haqqında on cilddən ibarət şərhləri yoxdur. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, Ukrayna və gürcü dillərində yazılar yer alıb”.

Diqqətə çatdırıb ki, Nizami Gəncəvinin haqqında mətbuat orqanlarımızda minlərlə məqalə çap olunub. "Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr var. Eyni zamanda, bu gün Nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb. Bu qəzet vasitəsilə Nizami haqqında onun dövründən tutmuş bu günə qədər gedən inkişaf prosesini izləyə bilirik. 2021-ci ildə - "Nizami Gəncəvi İli"ndə Azərbaycan Nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyirsinizsə, bu qəzet onu əks etdirə bilir. Bu buraxılışı Azərbaycan Nizamişünaslığının tarixində yeni mühüm hadisə kimi dəyərləndirməyi özümə borc bilirəm. Bu iş, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə sanballı töhfəsi, xidmətidir. Həmçinin “Ulduz” jurnalı da bu layihəyə qoşulacaq, bu iş davam edəcək", - deyə İ.Həbibbəyli qeyd edib.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” adlı məruzəsində prosesə tarixi aspektdən yanaşıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspektlərdən toxunduğunu qeyd edərək deyib ki, “bu bizim ən ağrılı yerimizdir, çünki mübahisəli məsələlər çoxdur. Nizami ilə bağlı elə şeylər var ki, bəzən gedib siyasətə söykənir. Bəzən güzəştə gedəsi yerlərimiz var, elmi dairələrdə bu məsələlər yüksək səviyyədə araşdırılır. Bu sayın unikallığını mən onda görürəm ki, sanki mini formada Nizami ensiklopediyasıdır”.

AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.

Xüsusi buraxılışın Nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakursda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı, Səadət Şıxıyeva çıxışlarda buraxılışı mütərəqqi addım kimi dəyərləndiriblər və Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.