ELM VƏ TƏHSİL
Ədəbiyyat sahəsində Nobel mükafatları laureatlarının adları açıqlanıb YENİLƏNİB
Stokholm, 10 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Ədəbiyyat sahəsində 2018-ci il Nobel mükafatına polşalı yazıçısı Olqa Tokarçuk, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handke layiq görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveç Akademiyasının Stokholmda baş tutan xüsusi tədbirində deyilib.
Tədbirdə qeyd olunub ki, Olqa Tokarçuk “Ensiklopedik ehtirasla sərhəd keçidini həyat forması kimi təsəvvür etdiyi üçün bu mükafata layiq görülüb”. 2019-cu il üzrə mükafatın laureatı Piter Handke isə “linqvistik ustalıqla insan təcrübəsinin səciyyəsini və xüsusiyyətlərini araşdıran nüfuzlu işinə görə” Akademiya tərəfindən seçilib.
Qeyd edək ki, 2019-cu ildə ədəbiyyat sahəsində həm ötənilki, həm də builki Nobel mükafatları laureatları adlarının elan olunması unikal haldır. Bu hal onunla bağlıdır ki, keçən il Nobel mükafatını təqdim edən orqan olan İsveç Akademiyasında baş verən qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmin il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salınması haqda qərar verilib.
Qeyd edək ki, 1901-ci ildən etibarən Nobel Fondu tərəfindən təqdim edilən ədəbiyyat üzrə Nobel mükafatı, ədəbiyyat sahəsində nailiyyətlərə görə hər il verilən mükafatdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm