ELM VƏ TƏHSİL


Ədəbiyyat tariximizin elmi istiqamətdə öyrənilməsində Həmid Araslının müstəsna xidməti olub

Bu gün akademik Həmid Araslının doğum günüdür

Bakı, 23 fevral, AZƏRTAC

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 2019-cu il fevralın 11-də Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, fevralın 23-ü görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, akademik Həmid Araslının doğum günüdür.

Həmid Araslı 1909-cu ildə Gəncədə dünyaya göz açıb. İlk təhsilini Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə alıb.

1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olunub. 1932-ci ildə Bakıya aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsinə rəhbərlik edib. Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm işə başlayıb və tezliklə yaratdığı fondun direktoru olub. 1935-ci ildən elmi yaradıcılığa başlayıb. Üç il sonra fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr üzə çıxarıb və onu işdən azad ediblər. Sonra Azərnəşrin bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə təyin edilib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edib.

Namizədlik dissertasiyası “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusuna, doktorluq dissertasiyası “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzularına həsr olunub.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.

H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. O, həm tədqiqatlarında, həm də dərsliklərində klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib.

Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də “Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalıb, lakin öz mövqeyindən dönməyib. “Kitabi-Dədə Qorqud”la bağlı deyilənlərin müqabilində nə öz “günahını” boynuna aldı, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirib. Həmçinin Xaqani, Xətai, Hadi və Səməd Vurğunun yaradıcılıqları yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişməyib.

H.Araslı ədəbiyyatımızla bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyib, ədəbiyyatımızın, mədəniyyətimizin qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edirdi. Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olub. 1943-44-cü illərdə nəşr olunmuş ikicildliyin – “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarlarımızın dolğun portretlərini yaradıb.

Onun ədəbiyyat tariximizlə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”dir. Anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tariximizə təsirini aydınlaşdırır. Şairlərimizdən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.

H.Araslı SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri” və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst edib. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanıdan naşiri olub. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası var.

H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, “Fədakar şair” oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazıb. H.Araslı mətnşünas alim kimi də çox məhsuldar olub. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salır. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib.

H.Araslının 1956-cı ildə nəşr edilmiş “XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi" əsəri də ədəbiyyatşünaslığımızın nailiyyətlərindən biri kimi dəyərləndirilir. O bu əsərində ədəbiyyatımızın az öyrənilmiş və bu səbəbdən də doğru səciyyələndirilməyib tənəzzül mərhələsi kimi anlaşılan həmin yüzillikləri ilkin mənbələr əsasında araşdıraraq onun əsas mahiyyətini müəyyənləşdirib. H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, şifahi xalq ədəbiyyatı və folklorumuzun tədqiqi sahəsində də böyük əmək sərf edib. “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabı və “Aşıq yaradıcılığı” əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və “Koroğlu” eposu haqqında orijinal elmi mülahizələr söyləyib.

Alim digər Şərq xalqlarının ədəbi irsinə də böyük maraq göstərib, Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşıb. H.Araslı həyatı boyu yüksəkixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışıb, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik edib, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.