ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin Aran regional filialında “Nizami Gəncəvi İli” çərçivəsində növbəti onlayn mühazirə keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında dahi şairin 880 illiyi münasibətilə növbəti onlayn mühazirə keçirilib. Mühazirə rayon Təhsil şöbəsi ilə birgə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi altında təşkil olunub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirdə Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada əks etdirən, Yaxın Şərq xalqları bədii idrakının zirvəsi olan, intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradaraq dünya ədəbiyyatı tarixində yeni dövr açan Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən danışıb. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərid Hüseyn “Tanımadığımız Nizami” mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi Nizami Gəncəvi əsərlərinin yeni rakursdan, fərqli metodoloji sistemlərlə təhlili məsələsinə toxunub. Bildirib ki, dahi şairin yaradıcılığı ənənəvi yaradıcılıq təkamülü metodologiyası ilə tədqiq edilməməli, onun obrazlar sistemi sadəcə əsərlərin yazılma illəri ilə bağlı sadədən mürəkkəbə prinsipi ilə şərh olunmamalıdır. Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri vasitəsilə “Xəmsə”nin ideya kateqoriyalarından danışan Fərid Hüseyn həmin surətlərin Nizami düşüncəsinin, dünyabaxışı formulunun açılması baxımından vacibliyini qeyd edib. Eyni zamanda, məruzəçi “Sirlər xəzinəsi” əsərinin Nizami Gəncəvi yaradıcılığının özül əsəri olması, digər məsnəvilərinin ideyalarını adı çəkilən nümunədə icmal şəkildə əks etdirməsi kimi məsələlərdən danışıb.

Fərid Hüseyn dinləyicilərin suallarını cavablandırıb.

Mühazirəyə Kürdəmir rayon ümumi təhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.