MƏDƏNİYYƏT
Ədəbiyyatın sönməz günəşi
Bakı, 19 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatın sönməz günəşi” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı dahi şairin ədəbi irsi haqqında geniş məlumat verib, onun bir çox tədqiq edilməmiş əsərlərinin olduğunu qeyd edib.
Tədbirdə Nizami Gəncəviyə həsr olunmuş slaydlar və dahi şairin kitablarından ibarət sərgi nümayiş olunub.
Çıxış edənlər Nizami irsini qiymətli metallarla zəngin olan nəhəng dağ silsiləsinə bənzədiblər. Səkkiz yüz ildən çoxdur ki, Şərqin və Qərbin böyük filosofları, şairləri Nizami haqqında, onun ədəbi-fəlsəfi irsi və şəxsiyyəti haqqında yazır, qiymətli sözlər deyirlər.
Tədbirdə 16, 91 nömrəli orta məktəblərin şagirdləri Nizami Gəncəvinin poema və şeirlərindən parçalar söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.