ELM VƏ TƏHSİL
Ədəbiyyatşünas alim Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 20 iyun, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Qeyd olunub ki, Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı keçirilib. İclasda BEA-nın prezidenti akademik Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib. Həmçinin BEA-nın Azərbaycan Bölməsinin fəxri prezidenti akademik Ziyad Səmədzadə giriş sözü söyləyib. BEA-nın Azərbaycan Bölməsinin prezidenti Elçin Xəlilovun hesabatından sonra qurumun 20 illiyinə həsr olunmuş “Sərhədsiz elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi gerçəkləşib.
Ədəbiyyatşünas alim Vüqar Əhməd Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə BEA-nın akademiki seçilib. Akademiyanın yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar Valter Kofler tərəfindən təqdim olunub.