SİYASƏT


Adil Əliyev: Qalib Ordunun Müzəffər Ali Baş Komandanının Qələbə yürüşü

Bakı, 18 noyabr, AZƏRTAC

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Füzuli rayonlarına səfərini izlədik. 44 günlük müharibənin zəfərlə bitən sonunda Müzəffər Ali Baş Komandanın dərhal işğaldan azad edilən bu bölgələrə səfəri çox qürurverici hadisədir. Vətəndaşların Müzəffər Ali Baş Komandanın bu rayonlara səfərindən doğan böyük sevinc hissi üzlərindən, gözlərindən oxunurdu. Qarşılanma zamanı yaranan izdiham Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən qazanılan bu Qələbənin miqyasını açıq göstərirdi, bu təntənə şanlı Zəfərin əyani nümayişi idi. 30 il üzünə həsrət qaldığımız bu torpaqlarda artıq üçrəngli bayrağımız insanların dövlətimizin başçısına olan sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, dövlətimizin başçısı müxtəlif vaxtlarda regionlara səfər edir və biz hər dəfə bu cür izdihamların şahidi oluruq. Amma Qalib Ordunun Müzəffər Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə - Cəbrayıla və Füzuliyə səfər etməsi ölkəmizin qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstəricisi oldu. Bu səfər Müzəffər Ali Baş Komandanımızın Qələbə yürüşü idi.

Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Dövlətimizin başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə olunması birbaşa nəzarət etdi, bəzən haqlı mübarizəmizin dünyaya çatdırılmasına xidmət etdi. Dünyanın ən reytinqli televiziya kanallarına, informasiya agentliklərinə müsahibələr verdi, dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını ən incə detallarına qədər anlatdı.

Bu müsahibələr zamanı Prezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verirdi ki, bu cavablar döyüş meydanında düşmənə vurulan zərbə qədər sərt və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini bir daha dünya birliyinə çatdıran Müzəffər Ali Baş Komandan həm işğalçı Ermənistana, həm də onun havadarlarına müharibədə məğlubiyyətə düçar olacaqlarının anonsunu da verirdi. Müsahibələrində daim Ermənistanın siyasi rəhbərliyinin səriştəsizliyini, “küçə siyasəti” ilə dövlət siyasətinin yerini səhv salmasını, xalqımıza qarşı törədilən cinayətləri, baş verən saysız-hesabsız təxribat hallarını ardıcıllıqla sadalayır, düşmən ölkə tərəfindən beynəlxalq hüququn kobud şəkildə tapdalanmasına diqqət çəkirdi. Prezident İlham Əliyevin dediyi sözlərlə döyüş bölgəsindəki uğurlu əməliyyatlar bir-birini dəqiqliklə tamamlayırdı.

Müharibənin başladığı ilk gündən etibarən dövlətimizin başçısı şəxsən özü müntəzəm olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı. Hər bir Azərbaycan vətəndaşı gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışını və ya “Twitter” sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad olunmuş ərazilərimizin elan edilməsini gözləyirdi. Təbii ki, başçısı olduğu ölkədə hər kəsin rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq bir Prezident üçün ən böyük mükafatdır. Bizim Müzəffər Ali Baş Komandan o mükafatın haqlı sahibidir.

Tarixi zəfərdən sonra Cəbrayıl və Füzuli rayonlarına səfər Qalib Komandanın öz sevincini xalqı ilə paylaşması məqsədi daşıyırdı. Hərbi əməliyyatların dayandırılmasından qısa zaman keçməsinə baxmayaraq, dövlətimizin başçısının bütün təhlükələri gözə alaraq bu bölgələrə səfər etməsi, qalibiyyət sevincini xalqı ilə bölüşməsi, xalqın öz qalib Sərkərdəsini böyük sevinc və izdihamla qarşılaması həm də “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən İlham Əliyevin xalqına olan sevgisinin təzahürü idi.

Bu müddət ərzində istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-Prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Buna hamımız əyani şahidik. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı, dəmir iradəmizin və sarsılmaz inamımızın da çox böyük rolu olub.

Çox yox, cəmi bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Şuşada qondarma rejimin andiçmə mərasimi keçirən və sərxoş vəziyyətdə rəqs edən Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çıxılmaz vəziyyətdədir, qəzəbli xalqının gözündən gizlənməyə yer axtarır. Bu 44 gün ərzində erməni xalqı öz baş nazirinin necə zəif və gücsüz olduğunu gördü. İşğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...

Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə getdi. Səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.