MƏDƏNİYYƏT
Adil Cəmilin Şuşa təəssüratı: Cıdır düzündə doğulan şeir
Bakı, 16 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş Şuşada keçirilən Vaqif Poeziya Günləri ölkəmizdə böyük əks-səda doğurub. Tanınmış ziyalılar – elm və mədəniyyət xadimləri Şuşa səfəri, möhtəşəm poeziya bayramı barədə təəssüratlarını, xatirələrini AZƏRTAC-ın oxucuları ilə paylaşırlar. Bu silsilədən olan növbəti yazını - şair Adil Cəmilin “Cıdır düzündə doğulan şeir” adlı qeydlərini təqdim edirik.
Dahilərin ruhu dolaşan müqəddəs Şuşanı - tarixi şəhərimizi ziyarət etmək bizim üçün böyük şərəf, böyük xoşbəxtlik idi. Otuz il ərzində xalqımız bütün məhrumiyyətlərə səbirlə sinə gərdi. Nəhayət, Ali Baş Komandan, “dəmir yumruq”lu Sərkərdə İlham Əliyevin və müzəffər Ordumuzun qüdrəti və qeyrəti sayəsində Şuşa işğaldan qurtuldu. Elə Qarabağın digər bölgələri - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcər kimi.
Şuşada Vaqif poeziya bayramına toplaşmaq, böyük şairin məqbərəsi önündə şeir oxumaq əsası ulu öndər Heydər Əliyev tərəfindən 1982-ci ildə qoyulan ənənənin sadəcə davamı deyil, həm də özünəqayıdışın rəmzi idi. Xoşbəxtik ki, bu tarixi günləri yaşamaq bizə də nəsib oldu. Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki, Ulu Öndərin tapşırığına əsasən həmin illərdə “Vaqif çeşməsi” adlı almanaxın nəşri də gündəmə gəlmişdi. Həmin bölgədə yaşayıb-yaradan şairlərimizin şeirlərindən seçmələrin yer aldığı ilk toplunu o illərdə radionun əməkdaşı, şair Ələmdar Quluzadə ilə birlikdə tərtib etdik. Eyni zamanda, redaktoru olduğum həmin almanax 1984-cü ildə o vaxt çalışdığım “Yazıçı” nəşriyyatında nəşr olundu. Cəmi iki dəfə işıq üzü görən bu toplunun nəşri məlum Qarabağ olaylarından sonra dayandı.
“Zəfər yolu” ilə getdiyimiz Şuşada gəzib-dolaşarkən şəhər bu gün ikiqat heyrətamiz görünür. O, sıldırım qayalar üzərində göyərən qeyri-adi şəhərdir. Özü boyda qala, istehkamdır. Ayaqlarımızı torpağa basdıqca ehtiyat edirik. Düşünürük ki, hər qarışda şəhid qanı ola bilər. Şuşanın fəthi hərb tariximizə yeni bir səhifə yazdı. Müzəffər Ordumuzun azman oğulları bu alınmaz qalanı almaqla bir millət olaraq bütün dünyaya milli kimliyimizi göstərdi.
Xalq yazıçısı Mövlud Süleymanlı Cıdır düzündən ətrafa boylanaraq bu sözləri pıçıldayır: “Şuşaya şükür!”. Bu kəlmələrin təsirindən elə oradaca təzə bir şeirim doğulur:
Burda diz çökürük torpağa-daşa,
O yanda Kirs dağı, bu yanda Şuşa.
Laçınla qol-boyun qoşama şükür-
Şuşama şükür!
Biz Zəfər yoluyla gəldik qoynuna,
Sarmaşdıq yenilməz qala boynuna.
Bu ömrə, bu günə, yaşama şükür-
Şuşama şükür!
Qovuşduq tökülən qan bahasına,
Səni bayraq etdik göy yaxasına.
Yumruğu dəmirdən paşama şükür-
Şuşama şükür!
Şuşada olduğumuz üç gün ərzində keçirilən Vaqif Poeziya Günləri, elmi-simpozium, tarixi yerlərin ziyarəti və digər tədbirlər yeni fikirlərə, ideyalara, təkliflərə yol açdı. Mən bəlkə də ilk dəfə idi ki, Azərbaycan insanını belə məsud, qürurlu və xoşbəxt görürdüm. Qalib xalqın övladı olmaq necə böyük şərəf imiş!
Şuşadan ayrılanda “əlvida” demədik, hələlik dedik. Ulu Tanrı 30 ildən sonra bizə “hələlik, Şuşa” demək imkanı verdi. Qulağımızda “Əziz Şuşa, sən azadsan!” müjdəsinin ahəngi Bakıya, həm də özümüzə dönürük...