MƏDƏNİYYƏT


“Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb

Bakı, 21 iyun, AZƏRTAC

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu böyük saz və söz ustadının yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamla bağlı tədbirlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin qarşısında da mühüm vəzifələr durur.

Bu böyük ustadın anadan olmasının 200 illiyi ilə bağlı ayrıca tədbirlər proqramı hazırlayan Azərbaycan Aşıqlar Birliyi yubiley tədbirlərinə hələ ötən ilin sonlarından başlayıb.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında ötən ilin sonlarında Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab buraxılıb. Kitabın nəşrində diqqətçəkən məqam odur ki, əsasən aşıqların repertuarında geniş yer tutan şeirlərin toplandığı topluda ilk dəfə olaraq hər şeirin hansı aşıq havası üstə oxuna bilməsi və şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti də verilib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi hələlik mümkün olmasa da, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə indiyədək bu böyük ustadın yubileyinə həsr olunmuş bir sıra onlayn tədbirlər həyata keçirilib.

Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi bu böyük saz-söz ustadının adına layiq daha bir layihəni uğurla başa çatdırıb. Belə ki, Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifası və ustadla bağlı dastan-rəvayətlərdən ibarət “Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb. İki diskdən ibarət olan albomun birinci diskində ustadın şeirləri Dədə Şəmşir, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Kərəm İncəli, Aslan Kosalı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Bəylər Qədirov, Niftalı Süleymanov, Oruc Əhmədov, İsfəndiyar Rüstəmov, Məmmədağa Babayev kimi məşhur ustadlarla yanaşı, bu gün sənət meydanında bənzərsiz ifaları ilə tanınan Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Fətullah Göyçəli, Gülarə Azaflı, Solmaz Kosayeva, Samirə Əliyeva və Ağamurad İsrafilov, Türkiyəli aşıq Maqsud Fəryadi, Altay Məmmədli, cənublu Cəfər Xakipur, Sədaqət Ulduz, Qələndər Zeynalov, Kəmalə Qubadlı, Şaiq İncəli, Ramin Qarayev, Yaşar Məhərrəmov, İsa Qaraxanlı, Vüqar Şəmkirli, Şahniyar Əliyev, Avdı Musayev və Təbriz Vəliyevin, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında təqdim olunur.

İkinci diskdə isə ustad aşıq Hüseyn Saraçlının ifasında “Aşıq Ələsgərin Gəncə səfəri”, Fətullah Göyçəli və Rəfiqə Göyçəlinin ifasında “Aşıq Ələsgərlə Həcər xanım əhvalatı”, Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında (balabanda müşayiət edir İbadət Allahverdiyev) isə “Aşıq Ələsgərin Söyüdlü səfəri” dastan-rəvayətləri video formatda təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.