REGİONLAR


Adına filmdə rast gəldiyimiz qədim yaşayış yerlərimiz – Peykanlı kəndi VİDEO

Qazax, 26 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Zəngin tarixi keçmişə malik Azərbaycanın elə qədim yaşayış yerləri var ki, onların adlarına indi ya sənədlərdə, ya da filmlərdə rast gəlinir. Belə məkanlardan biri də "Yeddi oğul istərəm" bədii filminin bəzi hissələrinin çəkildiyi Qazaxın keçmiş Peykanlı kəndidir.

AZƏRTAC xəbər verir ki, Səməd Vurğunun “Komsomol” poemasında bəhs olunan Peykanlı kəndi bir vaxtlar Kür çayı sahillərində yerləşib. Sonralar bu yaşayış məntəqəsi ləğv olunub, tarixə qovuşub.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan "Yeddi oğul istərəm" filmində hadisələrin cərəyan etdiyi Peykanlı kəndinin sakinləri bolşeviklərə kömək etməyiblər. Əksinə, onlara qarşı çıxıblar. Bu, elə filmdə də açıq hiss edilir.

“Yeddi oğul istərəm" Azərbaycan kinosunda vestern janrında çəkilmiş ilk film kimi tarixə düşüb. Filmin çəkilişləri Qobustanda, Bakı kəndlərində, bir hissəsi isə Qazaxın Yuxarı Salahlı kəndində lentə alınıb.

Bədii filmin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru isə Tofiq Tağızadədir. Rolları Həsən Məmmədov, Həsənağa Turabov və digər məşhur aktyorlar canlandırıblar.

Azərbaycan kino sənətinin incilərindən olan "Yeddi oğul istərəm" bədii filmi Qazaxın Yuxarı Salahlı kənd sakinlərinin də ən sevdiyi ekran əsərlərindəndir. Sakinlər həmin anları bu gün də xoş xatirə kimi xatırlayırlar. Filmin bəzi fraqmentləri digər məkanlarla yanaşı, kənddə “uçan dağ” deyilən yerdə çəkilib. Hətta sakinlər deyirlər ki, həmin çəkilişlərdə atlar məhz kənddəki təsərrüfatlardan seçilmişdi. Buradakı qəbiristanlıqda da çəkilişlər aparılıb. Bundan başqa, o vaxt kənddə yalnız bir nəfərdə - molla Məhəmməddə olan qazma dam da çəkilişin bir hissəsi olub. Çəkiliş qrupu həmin qazma damdan istifadə etmək üçün ona da müraciət etmişdi.

Film əsasən Bakı ətrafında - Qobustan, Buzovna, Mərdəkan, Şağan, Şüvəlan Fatmayıda və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda ekranlaşdırılıb. Lakin ssenari bütünlüklə Qazax mahalı ilə bağlıdır. Əsərdə cərəyan edən hadisələr Qazax-Ağstafa zonasında baş verir. Filmdə də bu yerlərin adı qorunub saxlanılıb.

Qeyd edək ki, Yuxarı Salahlı kəndi elə əsərin müəllifi Səməd Vurğunun doğulub boya-başa çatdığı kənddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.