REGİONLAR


Adına və andına sadiq qəhrəman

Bərdə, 28 oktyabr, AZƏRTAC

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səməd Vurğun adına Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlunun doğum günü münasibətilə "Adına və andına sadiq qəhrəman" adlı görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, Bərdə “ASAN xidmət” mərkəzinin könüllülərinin, Bərdə İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin, fəal oxucuların iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Elzamin Təhməzovun keçdiyi həyat yolundan bəhs edilən videoçarx nümayiş olunub.

Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova, 2 nömrəli şəhər kitabxanasının müdiri Nərgiz Cəfərova və başqaları çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıblar.

Elzamin Təhməzovun həyat yoldaşı Günay Təhməzova görüşün təşkilinə görə təşəkkürünü bildirib, şəhidimizin keçdiyi 20 illik hərb yolundan bəhs edib. Məlumat verilib ki, kiçik yaşlarından hərbçi peşəsinə marağı olan Elzamin orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və hərbçi kimi Vətənimizə xidmət etməyə başlayıb. Polkovnik-leytenant Elzamin Təhməzov Vətən müharibəsinin ikinci günündə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeninə və "Vətən uğrunda" medalına təltif edilib.

Sonda tədbir iştirakçıları “Qəhrəmanlığın zirvəsi” adlı sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.