Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan.

Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq. Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.

Otuz ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq, bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.

Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə Məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq.

Hörmətlə,

 

Rəcəb Gürkan, Ədirnə bələdiyyəsinin sədri,

Səlcuq Çakır, CHP qrup rəhbəri,

Mehmet Çapoğlu, AKP qrup rəhbəri,

Necameddin Attay, İYİ partiyasının qrup rəhbəri,

İsmayıl Dəmirxan, MHP qrup rəhbəri

Türkiyə Respublikası, Ədirnə şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin