CƏMİYYƏT


Adlarını dəyişərək vətəndaşları dələduzluq yolu ilə aldadıb pullarını alan şəxslər saxlanılıb VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində dələduzluq yolu ilə insanları aldadaraq onların etibarından sui-istifadə edən və pullarını mənimsəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini Çərkəz Həsənov Polis Şöbəsinə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiya Federasiyasına geyim əşyaları göndərməkdə ona kömək göstərəcəkləri adı altında aldadaraq metronun Nərimanov stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub. T.Həşimov və R.Həsənovun verdikləri vədə əməl etmədiyini görəndən sonra zərərçəkən bu barədə polisi məlumatlandırıb.

Saxlanılan şəxslər ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər. Qeyd edək ki, T.Həşimov özünü zərərçəkənlərə Nizami, R.Həsənov isə Fərid kimi təqdim edib.

Faktlarla bağlı 18-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. T.Həşimov və R.Həsənovun əməllərindən zərərçəkən və hələ də polisə məlumat verməyən başqa şəxslər varsa bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.