CƏMİYYƏT


Ədliyyə Akademiyasında il ərzində 7 min şəxs ixtisasını artırıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Sərəncamı ilə Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Şahin Məhərrəm oğlu Əliyev Akademiyanın kollektivinə təqdim olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə nazirliyin məsul işçilərinin, tədris-elm müəssisəsinin müəllim heyətinin iştirakı ilə keçirilmiş tədbirdə rektoru təqdim edən ədliyyə naziri Fikrət Məmmədov Ş.Əliyevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı ilə bağlı aparılan islahatlar çərçivəsində kadrların hazırlanması və yüksək keyfiyyətli tədrisin təşkili məsələlərinə xüsusi önəm verildiyini, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, potensialının gücləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb, kadrların hazırlığının müasir çağırışlara uyğun təşkili, tədris prosesində ən müasir metodikaların və üsulların tətbiq olunduğunu qeyd edib.

Qarşıda duran vəzifələrdən danışan nazir dövlətimizin başçısının yenicə imzaladığı Fərmanla yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsində və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsində rolunu qeyd edərək, Mərkəzlə Ədliyyə Nazirliyinin və Akademiyanın qarşılıqlı fəaliyyətinin perspektivlərini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin bildirilib ki, geniş dinləyici auditoriyasına malik olan Akademiya çoxminli ədliyyə işçilərinin, hakimlərin və hakimliyə namizədlərin, prokurorların, vəkillərin, mediatorların və digər hüquqşünasların, bələdiyyə üzvü və qulluqçularının tədrisini və peşə hazırlığını həyata keçirir. Ötən il 7 minə yaxın şəxs icbari təlim və ixtisasartırma kurslarına cəlb olunub.

Eyni zamanda, Akademiyada əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyətinə toxunulub, tədris ocağının beynəlxalq əlaqələrinin genişləndiyi, Türkiyə, Ukrayna, Moldova və digər dövlətlərin təhsil qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq etdiyi, hüquqşünasların tədrisi sahəsində birgə tədbirlərin keçirildiyi və beynəlxalq təlimçilərin cəlb olunduğu vurğulanıb.

Ş.Əliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, Akademiyanın kadrların peşə səviyyəsinin yüksəldilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərdiyini və geniş tədris tədbirləri həyata keçirdiyini qeyd edərək qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.