CƏMİYYƏT
Ədliyyə Akademiyasında kibercinayətkarlıqla mübarizəyə dair videokonfrans keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında insan hüquqları, cinayətkarlıqla mübarizə və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla videokonfrans vasitəsilə təlimlər təşkil edilir. Bu sahədə, həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.
“Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq haqqında” memorandumun implementasiyası çərçivəsində Akademiyada “Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyası” mövzusunda videokonfrans vasitəsilə təlim keçirilib.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, hakimlərin, prokurorların və Akademiyanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurasının tədris sektorunun rəhbəri İlqar Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin prorektoru Anatoli Kostenko açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsinin, videokonfranslar vasitəsilə daha çevik təlim metodunun tətbiqinin əhəmiyyətini qeyd edib, müasir dövrdə kibercinayətkarlıqla mübarizə üzrə ikitərəfli və regional əməkdaşlığa dair məsələlərin aktuallığını vurğulayıblar.
Videokonfransda Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Hüquq fakültəsinin Ədalət mühakiməsi kafedrasının dosenti, Ukrayna Hakimləri Milli Məktəbinin elmi işçisi, hüquq elmləri namizədi Nataliya Ahtırskayanın “Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının Ukraynada implementasiyası (tətbiqi)” və Məktəbin şöbə müdiri, hüquq elmləri namizədi Aleksandr İşenkonun “Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının tətbiqi mexanizmləri: məhkəməyə qədər təhqiqat və məhkəmə təcrübəsi” mövzularında mühazirələri dinlənilib. Tədbirdə maraqlı diskussiyalar keçirilib, fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.
İştirakçılar bu cür müasir və aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.