CƏMİYYƏT
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində “açıq qapı” günü keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində noyabrın 16-da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə, müasir texniki imkanlarının təqdimatına həsr olunmuş “açıq qapı” günü keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən ədliyyə naziri yanında İctimai Komitənin üzvləri iştirak ediblər.
Bildirilib ki, bir əsrlik tarixi olan Azərbaycan ədliyyəsinin ənənəvi sahələrindən biri də məhkəmə ekspertizası fəaliyyətidir. Hazırda Mərkəzdə 20 növ, 41 ixtisas üzrə məhkəmə ekspertizası həyata keçirilir.
Müasir texnologiyaların tətbiqi ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir. Həmçinin bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqat metodikalarının standartlaşdırılması, ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (ENFSI) üzvlüyünə qəbul edilməsi, Mərkəzdə aparılan 4 ekspertiza növünün (6 ekspert ixtisası və 16 tədqiqat metodu) beynəlxalq standart üzrə akkreditasiyadan keçirilərək müvafiq sertifikata layiq bilinməsi maraqla qarşılanıb.
Tədbirdə ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə Mərkəzin regional bölmələrinin fəaliyyəti, ekspert kadrların açıq müsabiqə əsasında işə qəbulu prosesi barədə məlumat verilib, ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması və məhkəmə ekspertizası fəaliyyəti barədə cəmiyyətin daha dolğun məlumatlandırılması məqsədilə mərkəzin www.expert.gov.az rəsmi internet səhifəsinin interaktiv rejimdə fəaliyyəti qeyd edilib, o cümlədən “İNAM” bölməsi vasitəsilə vətəndaşlar arasında mütəmadi xüsusi sorğuların keçirilməsi bildirilib.
Sonda vətəndaş cəmiyyətinin nümayəndələri Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıqlar və laboratoriyalarla tanış olub, bu sahədə innovativ texnologiyaların tətbiqini məmnunluqla qarşılayıb, ədliyyə orqanlarının fəaliyyətində açıq hökumət prinsiplərinin və şəffaflığın təşviqinə, ictimai iştirakçılığa hər zaman böyük önəm verildiyini vurğulayıblar.