CƏMİYYƏT
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilir
Bakı, 25 yanvar, AZƏRTAC
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə mətbuat konfranslarının keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində yanvarın 25-də Ədliyyə Nazirliyində 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransı keçirilib.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, tədbirdə 2020-ci ildə nazirliyin fəaliyyətinə ümumi ekskurs ediləcək, bu sahədə əsas fəaliyyət istiqamətləri, yeniliklər barədə məlumat veriləcək, nazirliyin hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi islahatlardan danışılacaq.
Mətbuat konfransında nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov, Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov, Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev, Probasiya xidmətinin rəis müavini Musa Hümbətov, Qeydiyyat və notariat baş idarəsinin nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə, Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov çıxış edəcəklər.